BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Qarabağı su yoluna döndərən Anjey Kasprşik - ATƏT niyə ondan bərk yapışıb?

12 may 2020 11:35:09

Bu gün Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 26 il ötür.
 

Zəfər.Az xəbər verir ki, 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış “Bişkek protokolu” mayın 12-də qüvvəyə minib və həmin gün cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.
 

Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması ilə bağlı təkliflə 1994-cü il mayın 4-də Rusiya çıxış edib. Mayın 8-də Qırğızıstanın paytaxtı Bişkekdə ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovun iştirakı ilə sənədi Azərbaycan tərəfdən Milli Məclisin o vaxtkı sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov imzalayıb.

 

ATƏT-in Minsk qrupu adlanan “ölü təşkilat” uzun illərdi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı quru bəyanatlar verir. Bu bəyanatlar kağız formatından kənara çıxa bilməyib, qarşı tərəfə - işğalçı Ermənistana heç bir təsiri göstərməyib. 

Uzun illərdir adı Dağlıq Qarabağ münaqişəsilə yanaşı çəkilən bir şəxs var - Anjey Kasprşik.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi olan bu polşalı adam 20 ildən çoxdur həmin postu tutur. Əslində yüksək vəzifədir, di gəl ki, 20 ildən çoxdur eyni vəzifəyə mıxlanmış Anjey Kasprşikin Qarabağ  münaqişəsinin həllinə 20 qram da köməyi dəyməyib.

Xatırladaq ki, 28 avqust 1995-ci ildə ATƏT-in fəaliyyətdə olan sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi vəzifəsi təsis olunub. 1 yanvar 1997-ci ildən bu vəzifəni Səfir Anjey Kasprşık (Polşa) icra edir.

Anjey Kasprşikin bu 23 ildəki işi bir-iki köməkçisi ilə cəbhə bölgəsində monitorinq aparmaqdan, ATƏT-in Minsk qrupunun həmsədrlərilə Azərbaycana və Ermənistana gəlib münaqişənin həllini sürətləndirmək əvəzinə, tərəfləri atəşkəsə riayət etməyə çağırmaqdan ibarətdir.

Amma onların çağışırışları çürük bir qoz qədər də qiymətli deyil, çünki heç vaxt atəşkəsə riayət olunmayıb. Yəni nə Anjey Kasprşiki, nə də həmsədrləri sayıb eləyən var.

Yeri gəlmişkən, Anjey Kasprşik bu vəzifədə qocaldı, ATƏT-in Minsk qrupunun həmsədrləri bir neçə dəfə dəyişsə də, cənab Kasprişikə gözün üstə qaşın var deyən olmadı. Bu adamı hətta doğulduğu və vətəndaşı olduğu Polşada da unudublar. ATƏT-in rəhbərliyində oturanlar isə Kasprşiki Azərbaycanda və Ermənistanda unudulmağa qoymurlar. Sanki cənab Kasprik elə bir əvəzolunmaz diplomatdır ki, kimsə onun kimi işləyə bilməz. Nəysə ki, ATƏT rəhbərliyi Qarabağ münaqişəsilə bağlı hər hansı uğura imza ata bilməyən Anjey Kasprşikdən bərk-bərk yapışıb.

2020-ci ilin yanvarında ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, polşalı diplomat Anjey Kaspşik yenidən ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.

Bu gedişlə hələ onun münaqişə bölgəsinə mənasız səfərlərinə çox şahidlik edəcəyik...(Modern.az)