BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Təhsil Nazirliyindən pedaqoji təhsilli şəxslərlə bağlı - QƏRAR

06 may 2020 13:31:12

Ümumi təhsil pilləsi ilə bağlı təsdiqlənmiş yeni normativ hüquqi aktlarda yer alan pedaqoji fəaliyyətlə məşğul olma qaydası açıqlanıb.

 

Təhsil Nazirliyindən Zəfər.az-a verilən məlumata görə, müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin də ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğuluna icazə veriləcək.

 

Bu imkan kadr tələbatının təhlili əsasında müvafiq siyahıdan Təhsil Nazirliyi tərəfindən müəyyən edilən ixtisaslar üzrə mütəxəssislərə şamil ediləcək və həmin ixtisaslar hər il üçün elan ediləcək.

 

Pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin də işə qəbulunun Təhsil Nazirliyinin mərkəzləşmiş qaydada keçirdiyi müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən aparılması nəzərdə tutulur. 

 

Həmçinin, qeyd edilib ki, həmin mütəxəssislər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı Təhsil Nazirliyi tərəfindən təşkil olunan müvafiq ödənişsiz təlim kurslarına cəlb olunacaqlar.