Şəhid polkovnikə həsr olunan "Şəhidlik ölümsüzlükdür" adlı tədbir keçirilib - FOTO
02 noyabr 2019 14:47:04
Noyabrın 2-də “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat rəisi polkovnik Vüqar Yusifovun xatirəsinə həsr olunmuş “Şəhidlik ölümsüzlükdür” adlı anım tədbiri həyata keçirilib.
Tədbir şəhid polkovnikin üç övladının Azərbaycan Respublikasının Dövlət Himnini canlı ifa etməsilə başlayıb.
Tədbirdə şəhid polkovnikin ailə üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, millət vəkilləri, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvləri, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları, qazilər və “Regional İnkişaf” İctimai Birliyinin könüllü gəncləri iştirak ediblər.
Tədbirdə Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş qəhrəmanımızın döyüş yolu haqqında iştirakçılara məlumatlar verildi. Qeyd edildi ki, bu qəhrəmanların həyatı və keçdiyi döyüş yolu hər bir gəncimiz üçün mükəmməl örnəkdir. Aprel döyüşlərində şəhid olmuş komandirlərin döyüş yolu, onların şəhidlik məqamına ucalması Azərbaycan zabitinin hər an əsgərinin önündə Vətən torpağının düşmən tapdağından azad etməyə hazır olduğunu göstərir. Aprel döyüşlərində gənc əsgərlərimizin rəşadəti və şücaəti ordumuzun döyüş hazırlığını sübut edib.
Tədbiri giriş sözü ilə başlayan şəhid polkovnikin atası Nurəddin Yusifov qeyd etdi ki, Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan hər bir qəhrəmanımızın xatirəsi xalqımızın ürəyində daima yaşayacaqdır. Dövlətimizin ərazi bütövlüyü yalnız milli birlik, xalqımızın döyüş əzmi sayəsində bərpa olunacaqdır.
Millət vəkilləri şəhidliyin bir çox dəyərləri özündə cəmləşdirən bir dəyər olduğunu söyləyərək Azərbaycanın hər bir qarışı uğrunda canını fəda edən şəhidlərin xalqımıza məxsus olan uca dəyərləri əbədiləşdirdiyini bildirib.
Tədbirdə “Gənclər Fondu”nun maliyyə dəstəyilə çəkilmiş, şəhid polkovnikin döyüş yolunu əks etdirən “Vüqarlı dağlar” sənədli filminin də təqdimatı həyata keçirilmişdir. Filmin ssenari müəllifi Ağgül Əhmədova Azərbaycan xalqının tarix boyu öz dəyərləri uğrunda daim mücadilə etdiyini bildirmişdir. Bu mücadilə nəticəsində Azərbaycan indi müstəqil dövlətdir.
Tədbirdə son çıxışı əfsanəvi kəşfiyatçı, Murov Qartalı polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc xanım Alızadə şəhidlərimizin xatirəsini daim yaşatmaq və gənclərimiz arasında vətənpərvərlik ruhunun daha da yüksəldilməsi məqsədilə mütəmadi olaraq məktəb və universitetlərdə də tədbirlər təşkil etdiklərini və bu işlərin görülməsində onlara dəstək olan hər kəsə təşəkkürlərini bildirib.
Tədbirin yekununda Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestrinin solisti Fəxri Kazım Nicat vətənpərvərlik mahnıları ilə tədbirdə çıxış edib.