BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Bu gün Əhməd Cavadın doğum günüdür - 128

05 may 2020 10:35:01

O, repressiya qurbanlarından biri olub.

 

Bu gün şair, Azərbaycan Xalq Cümhuriyyətinin və bu gün müstəqil Azərbaycan Respublikasının Dövlət himninin sözlərinin müəllifi, tərcüməçi, AYB-nin üzvü olmuş, professor Əhməd Cavadın doğum günüdür.

Zəfər.Az bildirir ki, Axundzadə Cavad Məhəmmədəli oğlu (Əhməd Cavad) 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan Ali Pedaqoji İnstitutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil alıb.

Quba Xalq Maarif şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləyib.

Şeirləri 1913-cü ildən çap edilib. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə “Qoşma” adlı ilk kitabı çapdan çıxıb. 1919-cu ildə isə “Dalğa” adlı kitabı nəşr olunub. Onun məşhur “İstiqlal uğrunda şeirlər” kitabı isə 1928-ci ildə İstanbulda buraxılıb.

Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad, haqsız olaraq həbs edilib, dəhşətli işgəncələrə məruz qalıb, 1937-ci il cəza tədbirlərinin qurbanı olub.