Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 100 il ötür
28 aprel 2020 12:50:36
Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından 100 il keçir.
Zəfər.az xəbər verir ki, 1920-ci il aprelin 27-də Sovet Rusiyanın işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayıb.
Aprelin 27-də Azərbaycan bolşevikləri Cümhuriyyət hökumətinə hakimiyyəti təhvil vermək haqqında ultimatum verib.
Cümhuriyyət Parlamentinin həmin gün saat 20:45-də başlayan iclası 3 saat davam edib. İclasda çıxış edən Məhəmməd Əmin Rəsulzadə XI Qızıl Ordunun Anadoluya yardıma getmədiyini və Azərbaycanı işğal etməyə gəldiyini bildirsə də, müzakirələrdən sonra hakimiyyətin Azərbaycan bolşeviklərinə təhvil verilməsi barədə qərar çıxarılıb.
Həm ultimatumda, həm də digər danışıqlarda milli hökumət üzvlərinin təhlükəsizliyinə təminat verilsə də, bu vədlərə əməl edilməyib, AXC hökumətinin üzvlərinə qarşı repressiyalar, “qırmızı terror” başlayıb. Milli hökumət üzvlərinin bir qismi, o cümlədən M. Ə. Rəsulzadə isə mühacirətə getmək məcburiyyətində qalıb.
Azərbaycanda sovet hakimiyyəti 71 il davam edib. 30 avqust 1991-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə qəbul edilib. 18 oktyabr 1991-ci ildə isə Azərbaycan parlamenti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktını qəbul edib və bu Akt 29 dekabr 1991-ci ildə ümumxalq referendumu ilə təsdiq edilib.
Hər iki sənədə əsasən, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi-hüquqi varisi elan olunub. Cümhuriyyətin himni, gerbi və bayrağı da olduğu kimi qəbul edilib.(Modern.az)