BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Parlamentə tuşlanan toplar: Cümhuriyyət necə işğal edildi? - ARAŞDIRMA + FOTO

27 aprel 2020 14:52:54

1918-ci il mayın 28-də istiqlaliyyəti elan edilən Azərbaycan Cümhuriyyəti 1920-ci ilin yanvarında artıq Versal Ali Şurası tərəfindən müstəqil dövlət kimi tanınmışdı. Hələ ondan öncə - 1919-cu ilin sentyabrından etibarən ingilis qoşunlarının ölkədən çıxması, 1920-ci ilin martında isə Qacarlar dövlətinin müstəqilliyi “de-yure” tanımasını bəyan etməsi gənc dövlətin əl-qolunu açmış, daha sərbəst formada fəaliyyət göstərməsinə səbəb olmuşdu.

 

Amma Azərbaycan Cümhuriyyəti dövlət quruculuğu sahəsində mühüm işlər görsə də, Osmanlı dövlətinin Birinci Dünya müharibəsində yenilməsi və ordusunu Qafqazdan çəkməyə məcbur olması; onlardan sonra Müttəfiq orduların Bakıya gəlişi və hakimiyyəti xeyli dərəcədə qəsb etməsi; Denikinin Rusiyada qalib olacağına ümid bəsləyən Antantanın Güney Qafqaz cümhuriyyətlərinə hərbi yardım göstərməməsi; Gürcüstan və Azərbaycanın hərbi qüvvələrinin Rusiya müdaxiləsi təhlükəsinə qarşı uğursuz əlaqələndirilməsi; ermənilərin Qarabağda Rusiyanın təhriki ilə qiyam qaldırması; istiqlal savaşı aparan Türkiyənin Sovet Rusiyası ilə sıx əlaqələr qurması; Parlamentdə və hökumətdə Rusiyanın əli ilə müxalifətin pozuculuqla məşğul olması və s. amillər Cümhuriyyəti ağır durumda buraxırdı.

 

 

Ermənilərin üsyanı

16 yanvar 1920-ci ildə Antanta Ali Şurası Sovet Rusiyasına tətbiq edilməkdə olan blokadanın götürülməsini elan etdi və Qərb-Rusiya münasibətlərində savaşdan barışa doğru keçid başlandı. Bundan yararlanan və Qərbin yeni müstəqil dövlətləri zəif dəstəklədiyini görən bolşeviklər “vahid Rusiya” siyasətini başqa ad altında gerçəkləşdirməyə girişdilər. 

 

Moskvanın istəyinə tam uyğun olaraq, ermənilər 1920-ci il martın 22-də – Novruz bayramı gecəsi Xankəndindəki Azərbaycan ordusu hissələrinə hücum etdilər. Bundan sonra onlar eyni zamanda Dağlıq Qarabağ, Naxçıvan və Ordubadda da Azərbaycan əleyhinə qiyam qaldırdılar. Qazaxda da hakimiyyət əleyhinə çıxışlar baş verdi. Azərbaycan Ordusunun başlıca qüvvələri erməni qiyamını yatırmağa göndərildi. Bakıda cəmi iki minlik qüvvə qaldı ki, o da hakimiyyət binalarını qoruyurdu.

 

 

Türkiyənin xilası iddiası

Bolşeviklərin Azərbaycanda yaydığı başlıca təbliğatlardan biri bu idi ki, Bakıya gələn XI ordu Türkiyənin istiqlal savaşına yardım etmək üçün ərazimizdən keçmək istəyir, ancaq “ingilislərə satılmış Müsavat hökuməti” buna yol vermir. Təbliğatçıla­rın arasında türkiyəli hərbçi və müəllimlərin çoxluğu xalqı bu sözlərin doğruluğuna xeyli inandırırdı.

 

XI ordu aprelin 26-da artıq Azərbaycan sərhədlərini keçərək ertəsi gün Quba və Qusarı işğal etdi. Həmin gün səhər tezdən bolşeviklərin silahlı dəstələri həm Bakı şəhəri daxilində, həm də onun kənarlarında mühüm obyektləri: dəmiryol vağzalı, poçt, teleqraf, radiostansiya, polis məntəqələri, iri neft mədənləri və sənaye müəssisələri, hərbi və ticarət limanı və başqa yerləri ələ keçirdilər. Bakının şimal sərhədi və Gəncə arasında telefon və teleqraf əlaqəsi kəsildi, bu da hökumətin əyalətlərdəki özünə sadiq hərbi hissələri vaxtında köməyə çağırmasına imkan vermədi.

 

İşğal əməliyyatında Xəzər hərbi donanması önəmli rol oynadı. Donanma gəmilərinin heyəti bu dönəmdə bolşeviklərdən və onlara rəğbət bəsləyən matroslardan ibarət idi. Hakimiyyəti hələ mövcud olmayan Azərbaycan Sovet hökumətinə iki saat ərzində təhvil vermək ultimatumu göndərən Çingiz İldırımın başçılıq etdiyi hərbi gəmilər sahildə düzülərək öz toplarını Parlament və hökumət binalarına tuşlamışdılar.

 

 

Rəsulzadənin təklifi

Ultimatumu müzakirə etmək üçün Parlament son iclasından öncə sədr Məhəmmədhəsən Hacınski və üzvlər Məhəmmədəmin Rəsulzadə, Qara bəy Qarabəyov, Aslan bəy Səfikürdski və Aslan bəy Qar­da­şovdan ibarət bir komissiya yaradıldı. Komissiyanın qərarını müzakirə etməzdən öncə Rəsulzadə təklif etdi ki, bu tarixi qərarı millətdən xəbərsiz çıxarmayaq. “Ölkə Parlamentinin qapısını açıq qoyaq ki, hər kəs nə cür təhlükəli vəziyyət içində olduğumuzu, nə cür qərar qəbul edəcəyimizi bilsin”. Onun təklifi bəyənilərək qəbul edildi.

 

Məhəmmədhəsən Hacınski ilk söz alaraq dedi: “... Mərkəzi Azərbaycan kommunist firqəsi bizə təklif edir ki, axşam saat 7-yə qədər hökuməti onlara təslim edək. Bununla belə, əmin edirlər ki, onların şərtlərini qəbul etsək, qızıl ordu əsla Bakıya gəlməyəcək və qızıl ordunun Bakıya gəlməməsi üçün onlar əllərindən gələni edəcəklər. Onlar deyir ki, hökumət Azərbaycan kommunistlərinin əlində olarsa, qızıl ordu heç bir vədə buraya gəlməyəcək. Hökumət mexaniki surətdə təslim edilməlidir. Nə kimi məmurlar varsa, hamı öz yerlərində qalacaqlar. Yalnız hökumət başında olanlar kənar edilib, yerlərinə Azərbaycan kommunistləri keçir və müsəlmanlar­dan başqa orada kimsə yoxdur. Altıncı şərtləri budur: bu gecə bu məsələ həll olunarsa, onlar bir deklarasiya çıxarırlar ki, Azərbaycan Parlamentinə daxil olan siyasi firqələr müsavi və azad fəaliyyət göstərəcəklər. Onlara qarşı və xüsusən hökumət üzvlərinə qarşı heç bir xüsusi tədbir görülməyəcək və onlar təqib olunmayacaqlar. Gələn qızıl ordunun məqsədləri məzlum millətə yardım etməkdir...”

 

Bundan sonra Məhəmmədəmin Rəsulzadə söz alaraq tarixi nitqini söylədi:

 

“Əfəndilər! Mütəcasir bir ultimatum qarşısında bulunuruz. Burada təslimdən bəhs edirlər. Fəqət, əfəndilər, təslim nə demək?.. Kimə tərki-mövqe ediriz?.. Bizə deyirlər ki, hüdudumuzu keçən ordunun başında Nicati namında bir Türk komandanı durmuşdur. Rusiyadan gələn bu mütəcaviz ordu, təmin edirlər ki, həyat və məmat mücadiləsində bulunan Türkiyəni xilas üçün gedir.

 

Əfəndilər! Türkiyə Azərbaycanın xilaskarıdır, amali-milliyyəmizin təbcil elədiyi müqəddəs bir məmləkət­dir. Onun xilasına gedən qüvvəti biz məmnuniyyətlə istiqbal və təşyi edəriz, fəqət bir şərtlə ki, bu qüvvət bizim hürriyyətimizi, istiqlalımızı çığnamasın. Halbu­ki, əfəndilər, bizdən soruşmadan hüdudumuzu keçən hər hansı bir qüvvət dostumuz deyil, düşmənimizdir!

 

Duyduğumuz bu propaqanda düşmən propaqandası­dır. Bizi iğfal edirlər. Yalandır, gələn ordu rus ordusudur. Fərzən komandanı bir Türk olsa da, yenə rusdur. İstila ordusudur; onun istədiyi 1914-cü il hüduduna qonmaqdır. Anadolu imdadına gedəcək bəhanəsiylə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir.

 

Qızıl Rusiya ilə bəhəməhal anlaşmaq üçün hökuməti mütləqa bolşeviklərə təslim və ultimatumu qəbul etmək zilliyyətinə qatlanmağa ehtiyac yoxdur. Bu mütəcasiranə ultumatum kəmali-nifrətlə rədd edilməlidir. İxtilalçı Rusiya ilə mübariz Türkiyənin müvasilə və təsanüdünü təmin etmək zərurətiylə radikal bir hökumətin məbusan tərəfindən təşkili və bu hökumətə səlahiyyəti-vasiə verilməsiylə tədili-siyasət etmək qabildir.

 

Məbusan zatən böylə bir təşəbbüslə məşğuldur. Bu surətlə həm Rusiya ilə bir lisani-ümumi bulunar, həm də istiqlali-millimiz rəxnədar olmaz, eyni zamanda, Anadoluya imdad məqsədi də hasil olur. Başqa cür edilən hər hansı bir güzəşt hüquqi-milləti təslimdən ibarət olur ki, buna qatlanmaq mühilli-şərəf olduğu kimi, böyük bir fəlakəti dəxi mücibdir!..

 

İstiqlalımızı göz bəbəyi kimi müdafiəyə qərar verən bir Məclisə dinlədiyi bu ultumatumu qəbul etmək hökuməti kəndi əliylə dost kisvəsinə bürünmüş düşmənə təslim etməkdir!

 

Biz buraya millətin iradə və arzusu ilə gəldik, bizi buradan yalnız qüvvət və süngü çıxarmalıdır!..”

 

 

Təhvil qərarı

Nəhayət, 27 aprel 1920-ci il axşam saat 23.00-də Parlament əksəriyyət səslə hakimiyyətin aşağıdakı şərtlərlə bolşeviklərə təhvil verilməsini qəbul etdi:

 

1. Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti saxlanılır;

2. Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır;

3. Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan Fəhlə, Kəndli və Əsgər Deputatları Sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirəcəkdir;

4. Hökumət idarəsinin bütün qulluqçuları öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir;

5. Yeni yaradılan müvəqqəti kommunist hökuməti parlament və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir;

6. Qırmızı ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcəkdir;

7. Yeni hökumət haradan baş verməsindən asılı olmayaraq, Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı öz sərəncamında olan vasitələrlə qəti tədbirlər görəcəkdir.

 

Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin adından hərbi yardım xahişilə Moskvaya radioteleqram göndərildi. Sənəddə yazılmışdı: “Bakıda çevriliş baş vermişdir və biz qırmızı qoşunların Bakıya yeridilməsini xahiş edirik”. Çox keçmədən həmin qoşunlar Kirov, Orconikidze, Mikoyan və başqalarının başçılığı altında nəinki Bakını, bütün Azərbaycanı işğal etdi və azadlıqsevər əhaliyə amansız divan tutdu. Beləliklə, xarici təcavüz nəticəsində Azərbaycan Cümhuriyyəti süquta uğradı.

 

Paris Sülh konfransındakı Azərbaycan Heyəti-Mürəxxəsəsi Cümhuriyyətin devril­mə­sin­dən xəbər tutan kimi aprelin 28-də San-Remo Кonfransına bu barədə nota təqdim etdi, ancaq onun bu cəhdi heç bir nəticə vermədi…(Oxu.az)

 

Dilqəm Əhməd
Araşdırmaçı-jurnalist