Leninin, Çiçerinin və Stalinin mövqelərini kəsişdirən “Bakı əməliyyatı” - Rusları kimlər ləngitdi?
26 aprel 2020 12:01:47
Fevral inqilabından sonra Rusiyanın federativ demokratik respublika olacağına ümid edən xalqlar sırasında Azərbaycan milli hərəkatının üzvləri də öz müqəddəratını təyin etmə prinsipindən çıxış edərək «Azərbaycan muxtariyyəti» şüarını irəli sürmüşdülər. Demokratik federativ Rusiya tərkibində məhəlli muxtariyyət tələbini məqbul bilməyən siyasi qüvvələr Azərbaycan milli hərəkatını zorakılıqla yatırtmağa səy göstərir, birgə hərəkət edirdilər.
Azərbaycan Cümhuriyyətinin elan olunması regionda geosiyasi vəziyyəti dəyişmişdi. Artıq tam istiqlala qovuşmaq yolunu seçmiş Azərbaycan nümayəndələri Rusiya ilə yaxın və böyük qonşusu kimi ikitərəfli, bərabər hüquqlu münasibətlərə üstünlük verirdi. Lakin Bakı quberniyasını nəzarətində saxlayan bolşevik Rusiyası Qafqazdan çıxmaq niyyətində deyildi. Bakı uğrunda qanlı savaşın getdiyi dövrdə düşmən düşərgələrdə üz-üzə idilər. Bakının Osmanlı qüvvələrinin köməyi ilə azad edilməsi, Cümhuriyyətin paytaxtı kimi bərqərar olması da RSFSR hökuməti tərəfindən kəskin etirazla qarşılanmışdı. Böyük Britaniya qüvvələrinin Bakıya daxil olması və rəsmi səlahiyyət sahibi olması vətəndaş müharibəsi və xarici müdaxilə şəraitini yaşayan Rusiya bolşevik hakimiyyətini müvəqqəti olaraq Bakı uğrunda açıq savaşdan ayırmışdı. Artıq 1919-cu ilin əvvəlindən Sovet Rusiyasının Qafqaz siyasətində «Bakı vektoru» aktivləşməyə başladı.
Sovet hakimiyyətinin yenilməz rəhbəri olmuş İ.V.Stalinin 1920-ci ildə təbliğatçılar üçün nəzərdə tutulmuş bir nömrəli «Xammal, yanacaq, ərzaq məhsulları ilə zəngin ucqarların köməyi olmadan Mərkəzi Rusiya uzun müddət davam gətirə bilməz» müddəası Azərbaycana, xüsusən Bakıya münasibətdə qəti məzmun kəsb etmişdi. İlk növbədə Rusiya sənayesinə can verməli Bakı neftini ələ keçirmək, digər tərəfdən bütöv Şərqə və Qafqazın qalan bölgələrinə Azərbaycanın «nümunəvilik və müstəqillik» nümayişi zəruri idi. İcraçılar da məqsədə müvafiq olaraq sıravi deyil, bolşevik rejiminin başlıca dayaq kadrları idi: Lenin, Çiçerin, Trotski, Stalin, Orconikidze və b. «Bakı əməliyyatında» onların rolları fərqli müstəvilərdə kəsişsə də, tamamlayıcı məzmun daşıyırdı. «Müstəqillik» ideyası siyasi idealların, baxışların həyata keçirilməsi yolunda taktiki mənadan qeyri-məqsəd güdmürdü.(Modern.az)
Firdovsiyyə Əhmədova
Tarix üzrə fəlsəfə doktoru