12 min şəhidimizin 18 min vərəsəsinə birdəfəlik ödəniş olunub - Əli Əsədov
09 aprel 2020 13:38:04
Hesabat ilində ölkədə işsizliyin səviyyəsi ən aşağı həddə olmaqla 4,8 faiz təşkil edib.
Zəfər.az-ın Modern.az-a istinadən məlumatın görə, bunu Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında Milli Məclis qarşısında hesabatı ilə əlaqədar Baş Nazir Əli Əsədov videoçıxışı zamanı bildirib.
Baş Nazir deyib ki, perspektiv dövrdə məşğulluq siyasətinin daha da gücləndirilməsi iqtisadi və sosial siyasətin ən mühüm vəzifəsi kimi diqqət mərkəzində saxlanılacaq:
"2019-cu ildə əvvəlki ilə nisbətən əhalinin nominal gəlirləri 7,4 faiz artıb. Orta aylıq nominal əməkhaqqı isə 16,6 faiz artaraq 635 manat təşkil etmişdir. İnflyasiyanı nominal gəlirlərin artımı 4,8 faiz bəndi, orta aylıq əmək haqqı isə 14 faiz bəndi üstələyib.
Dövlət büdcəsinin gəlirləri 24,2 mlrd. manat və ya 104,5 faiz, xərcləri isə 24,4 mlrd. manat və ya 97,0 faiz səviyyəsində icra olunub.
Ötən dövrdə dövlət büdcəsinin şəffaflığının və ünvanlılığının təmin edilməsi, vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Nəticədə vergi və gömrük borcları üzrə yığım səviyyəsi yüksəlib, qeydiyyatdan keçmiş ödəyicilərin sayı əhəmiyyətli dərəcədə artıb.
Strateji valyuta ehtiyatları hesabat ilinin əvvəlindən 14,2 faiz artaraq 51 mlrd. dollara çatıb və ÜDM-in həcmini üstələyib. 2019-cu ildə ilk dəfə olaraq Dövlət Neft Fondunun aktivləri 40 mlrd. dolları ötüb.
Hesabat ilinin sonuna xarici dövlət borcunun məbləği 9 mlrd. 91 mln. ABŞ dolları təşkil edib. İmzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu 2019-cu ildə ÜDM-in 18,9 faizini təşkil edib.
Əvvəlki illə müqayisədə 2019-cu ildə əsas kapitala yönəldilmiş investisiyaların həcmi qeyri-neft sektoru üzrə 1,9 faiz, qeyri-neft sənayesi üzrə 23 faiz artmışdır. Bu investisiyaların 70 faizi daxili, 30 faizi xarici mənbələr hesabına formalaşıb.
Hesabat ilində xarici ticarət dövriyyəsi 33,1 mlrd. ABŞ dolları, o cümlədən ixrac 19,5 mlrd. dollar, idxal isə 13.7 mlrd. dollar təşkil edib, nəticədə 5,8 mlrd. dollarlıq müsbət saldo yaranıb. Bu dövrdə qeyri-neft ixracı 14,4 faiz artıb”.
Əli Əsədov bildirib ki, ümumilikdə, son 16 il ərzində qeyri-neft sənayesində istehsalın həcmi 2,5 dəfə artıb:
“2019-cu ildə isə 1,8 faiz çox sənaye məhsulu istehsal olunub.
Ötən il ölkə sənayesi üçün əlamətdar hadisə kimi Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR Karbamid” zavodunun və “SOCAR Polimer” zavodunun istifadəyə verilməsini qeyd etmək olar.
Ölkəmiz kosmik sənayenin inkişafında da mühüm nailiyyətlər əldə etməkdədir. Kosmik sənaye üzrə ən əlamətdar hadisə Bakı şəhərinin 2023-cü ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanmasıdır. Artıq orbitə buraxılmış üç peyk həm də ölkəmizin ixrac potensialının artırılmasına xidmət edir.
Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı dövlət büdcəsindən 639 mln. manat məbləğində pul vəsaiti vaxtı keçmiş kredit borclarının ödənilməsinə yönəldilib.
2019-cu ildə əhalinin, xüsusən də aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə geniş sosial paket reallaşdırılmışdır. Belə ki, sosial müavinət və təqaüdlər orta hesabla 92 faiz, minimum pensiyanın məbləği 72 faiz, minimum əməkhaqqı 92 faiz artırılıb”.
Baş Nazirin sözlərinə görə, bununla yanaşı, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda çalışanların əmək haqlarının orta hesabla 50 faiz artırılması təmin edilib:
"Qeyd olunan artımların maliyyə tutumu 2,3 mlrd. manata bərabər olmaqla 4,2 milyon nəfəri əhatə edib.
2019-ci ildə sosial siyasətin ən mühüm hadisələrindən biri də icbari tibbi sığortaya keçid üçün hazırlıq işlərinin tamamlanması olub. Bunu, Azərbaycanın səhiyyə sahəsində tarixi bir islahat kimi dəyərləndirmək olar. İcbari tibbi sığorta sisteminə keçidin əsas məqsədi əhaliyə etibarlı, keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təşkil etmək, sərf olunan xərclərin daha ədalətli və səmərəli bölgüsünü təmin etməkdir.
Məcburi köçkün vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması və onların üzləşdikləri problemlərin aradan qaldırılması məqsədi ilə son 16 il ərzində dövlət tərəfindən genişmiqyaslı işlər görülüb, müasir yaşayış kompleksləri, qəsəbələr salınıb.
Şəhid ailələrinə 11 min manatlıq birdəfəlik ödənişin verilməsi sosial təminat sahəsində cənab Prezidentin irəli sürdüyü önəmli təşəbbüslərdən biri kimi qeyd edilməlidir. Bu vəsait 12 min şəhidimizin 18 min vərəsəsinə tam şəkildə ödənilib.
Məlum olduğu kimi ötən ilin əvvəlində Şamaxı, Ağsu, İsmayıllı rayonlarında dağıdıcı zəlzələ baş verib. İnsan itkisi olmasa da, xeyli sayda ev dağıntıya məruz qalıb. Dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində zəlzələnin fəsadları qısa bir müddətdə aradan qaldırılmış, yüzlərlə yeni ev tikilib və ya təmir olunaraq bərpa edilib”.