"Azərbaycan naminə" esse müsabiqəsində III yerin qalibi - ESSE
07 aprel 2020 11:54:59
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə 2016-cı il 1-4 aprel tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərin 4-cü ildönümünə həsr olunmuş, ölkəmizdə yerləşən 10 universitet arasında 01.02.2020 - 10.03.2020-ci il tarixlərində “Azərbaycan naminə” adlı esse yazı müsabiqəsi təşkil etmişdir.
"Azərbaycan naminə" adlı esse müsabiqəsində 3-ci yerə Bakı Dövlət Universitetinin Sosial psixoloji xidmət ixtisasının II kurs tələbəsi Həsənova Arzu Rahib qızının yazdığı esse layiq görülmüşdür.
Həmin esseni sizinlə paylaşırıq:
“Azərbaycançılıq məfkurəsi”
Vətənin sevməyən insan olmaz,
Olsa ol şəxsdə vicdan olmaz!
Abbas Səhhət
Mən inanıram ki, bu torpaqlarda vətənpərvər övladların yetişdirilməsi üçün gənclərə tariximizi yaxşı anlatmalı, tariximizin şərəf və qürur dolu səhifələri gözlər qarşısına sərilməli, həyatlarını doğma xalqa həsr edən vətənpərvərlərin həyatları öyrədilməli, eyni zamanda tarix boyunca bizə qarşı aparılan ikiüzlü və haqsız siyasət, düşmənimizin kimliyi tanıdılmalıdır.
Biz azadlıq mübarizəsində, torpaqlarımız uğrunda gedən müharibədə təkləndik. Doğrudur ki, biz çox şey itirdik. Biz parça-parça doğranan, qardaşın qardaşdan ayrı düşdüyü vətənin övladlarıyıq. Biz boğazına tikanlı məftil dolanmasına razı olan, ancaq xaltanı rədd edən, qədim, şərəfli və çağdaş bir xalqıq. Biz heç vaxt təslim olmadıq.
XIX əsrin ikinci yarısı tariximiz üçün çox əhəmiyyətli dəyişikliklər ilə xarakterizə olunur. Bu dövr siyasi və mədəni inkişafımız ilə səciyyələnir. Bu dövrdə milli özünüdərk özünü aydın göstərir. XIX əsrin ikinci yarısında Şimali Azərbaycanın sosial-iqtisadi həyatında kapitalist münasibətləri mühüm yer tuturdu. Bu dəyişikliklər Azərbaycan millətinin formalaşmasına şərait yaratdı. “Millət” dedikdə, ümumi tarixi ənənələri daşıyan, dil, ərazi, mədəniyyət və iqtisadi həyat birliyinə malik olan insanların birliyi başa düşülür. Azərbaycan millətinin formalaşması prosesi bəzi özünəməxsus xüsusiyyətlərə malik idi. Birincisi, Vətənimiz iki yerə bölünmüş və ərazi bütövlüyü pozulmuşdu. İkincisi, Şimali Azərbaycan torpaqları da parçalanaraq müxtəlif quberniyalara daxil edilmişdi. Üçüncüsü, Şimali Azərbaycan Rusiyanın müstəmləkəsi idi. XIX əsrin son rübündə Şimali Azərbaycanda rus müstəmləkə əsarətinə qarşı milli azadlıq hərəkatı başlandı. Milli hərəkatın birinci mərhələsi (1875-1904-cü illər) milli oyanış dövrü hesab olunur. Bu dövrdə Azərbaycanın vətənpərvər maarifçi ziyalılarının fəaliyyətində üç mühüm istiqamət aparıcı yer tuturdu: xalqı maarifləndirmək, milli şüuru oyatmaq, milli dili inkişaf etdirmək. M.F.Axundzadə ilk dəfə “millət” anlayışını irəli sürdü, mətbuatda və ictimai fikirdə “Azərbaycan milləti” ifadəsi işlənməyə başlandı. Özünüdərk ilə başlanan inkişafımızda biz bütün Şərqdə ilklərə imza atdıq. H.Zərdabi Rusiya imperiyasında türk dilində ilk qəzet olan “Əkinçi”ni nəşr etmiş və ilk səhnə əsərini tamaşaya qoymuşdu. Həsən bəy Zərdabi 1875-ci il iyulun 22-də Bakıda “Əkinçi” qəzetinin birinci nömrəsini çap etdirmişdir. Beləliklə, milli mətbuatın əsası qoyulmuş oldu. 1875-1877-ci illər ərzində “Əkinçi” qəzetinin 56 nömrəsi çapdan çıxdı. Ana dilində çap olunan “Əkinçi” qəzeti hətta qərb ölkələrində də tanınırdı. 1873-cü il martın 10-da Bakı real məktəbinin müəllimi Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası tamaşaya qoyuldu. Bu tamaşa Azərbaycanın mənəvi həyatında çox böyük hadisə oldu. Bununla milli teatrımızın əsası qoyuldu. XIX əsr Azərbayan ədəbiyyatının çox görkəmli nümayəndəsi Mirzə Fətli Axundzadə təkcə Azərbaycanda deyil, bütövlükdə müsəlman-türk dünyasında dramaturgiyanın banisi olmuşdur. Cəlal Ünsizadə Tiflisdə 1883-cü ildən etibarən “Kəşkül” qəzetini nəşr etdirdi. “Kəşkül” “Əkinçi”nin yolunu davam etdirirdi. Qəzet demokratik və maarifçi ideyaları yaymaqla qalmır, milli və mədəni inkişafımızın yollarını da göstərməyə çalışırdı. Təsadüfi deyil ki, “Azərbaycan milləti” ifadəsini ilk dəfə bu qəzet işlətmişdi. Bu ifadənin çox böyük əhəmiyyəti var idi. Çünki ruslar bütün azərbaycanıları “müsəlman” və ya “tatar” adlandırırdılar. Bu da, öz növbəsində, əhali arasında öz milli mənsubiyyətini anlamaqda çətinlik yaradırdı.
Rusiya hökuməti müstəmləkə əsarəti altına saldığı xalqların təhsilli, elmli, müstəqil fikirli olmasını istəməsə də, Azərbaycanda yüksək intellektli, maarifpərvər, millətini sevən ziyalılar yetişirdi. Milli mətbuat və teatrın əsası qoyulmuşdur. Biz daima bayrağımızın ideyalarına sadiq qalaraq, bir çox ilklərə imza atmışıq. Cəlil Məmmədquluzadə tərəfindən 1906-cı ildən Tiflisdə nəşr olunan “Molla Nəsrəddin” jurnalı milli mətbuatımızda xüsusi bir mərhələ oldu. Bu jurnalın nəşri ilə Yaxın Şərqdə satirik mətbuatın əsası qoyuldu. Milli musiqimizin inkişafında Üzeyir bəy Hacıbəyli böyük rol oynadı. Onun yaratdığı ilk milli operamız “Leyli və Məcnun”un 1908-ci ildə Bakıda səhnəyə qoyulması təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində böyük mədəni hadisə idi. Böyük bəstəkar Ü.Hacıbəyli Şərqdə ilk operanın və ilk konservatoriyanın yaradıcısı kimi Azərbaycan xalqının tarixində dərin iz qoymuşdu. Şərqdə opera yazan ilk qadın bəstəkar Şəfiqə Axundovanın “Gəlin qayası” operası Azərbaycan musiqi sənətinin çox mühüm nailiyyəti idi.
Biz bütün ilkləri öz tariximizə, gələcəyimizə olan ümidlərə söykənərək etdik. Dünyada elə məfhumlar vardır ki, onlar özlərindən daha böyük anlayışı ifadə edirlər. Məsələn, M.Müşfiq “Oxu tar! Səni kim unudar?” deyəndə sadəcə tarı nəzərdə tutmurdu. Tar həm də Azərbaycanın milli- azadlıq ideyalarını təmsil edirdi. Tarın səsinin susması Azərbaycanın azadlıq nidalarının susması deməkdir. Dil də tar kimi sadəcə söz yığını deyildir. Dil həm də tarixdir. İllər keçsə də, əsrlər dolansa da dil bir xalqın yaşaması, var olması üçün ən vacib amildir. Məhz buna görə millətimizi məhv etməyi arzulayan düşmənlər həmişə dilimizə zərbə vurmağa çalışıblar. Dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim Üzeyir Hacıbəyli bu məsələyə belə fikir bildirmişdir: “Ana dilimizə əhəmiyyət verməsək, ola bilər ki, günlərin birində dilimiz itib batar, yox olar. Bir millətin dili batdı, onda o millət özü də batır. Çünki bir millətin varlığına səbəb onun dilidir”. Hər bir xalqın öz dünyagörüşünü, milli mentalitetini, qədim adət və ənənələrini özündə cəm edən şifahi xalq ədəbiyyatı nümunələri vardır. Bu nümunələr keçmiş ilə günümüz arasındakı körpü rolunu oynayır, bizə kimliyimizi xatırladır. Belə qiymətli şifahi xalq ədəbiyyatı nümunələrindən biri də “Kitabi – Dədə Qorqud” eposudur. Oğuzların düşmən basqını zamanı öz aralarındakı ədavəti unudaraq düşmənə qarşı vahid şəkildə mübarizə aparmaları gələcək nəsillərə öyüd xarakterlidir. Təsadüfi deyildir ki, dastanda Dədə Qorqud “qarı düşmən dost olmaz” fikrini dəfələrlə vurğulayır. Biz bu sözün həyatdakı təsdiqini dəfələrlə görmüşük.
Sovet dövründə adət-ənənə və dinlərə qarşı dözümlülük heç səviyyəsində idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti tarix kitablarından çıxarıldı, tar, saz və kamança kimi milli musiqi alətlərimizə qarşı “mədəni təqib” həyata keçirilirdi. Yalnız Ü.Hacıbəyli, M.Müşfiq, Q.Pirimov kim ziyalılarımız böyük səyləri nəticəsində tara bəraət qazandırmaq mümkün oldu. Kommunistlərin xalqımızı dinindən, milli-mənəvi dəyərlərindən uzaqlaşdırmaq cəhdləri iflasa uğradı. Ağır repressiya şəraitində belə xalqımız öz milli-mənəvi dəyərlərini və bayramlarını qoruyub saxlaya bildi.
Birləşmək ideyası hətta bayrağımızda da öz əksini tapmışdır: Türk xalqları müasir dövrlə ayaqlaşıb islam bayrağı altında birləşərlər, aydın səma altında öz xoşbəxtliklərini taparlar. İnsanları vahid bir dövlətdə və ideologiya ətrafında birləşdirə bilmək çox əhəmiyyətlidir. Bu mənada AXC-nin fəaliyyəti təqdirəlayiqdir. Məlumdur ki, Cümhuriyyət 1919-cu il avqustun 11-də Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul etdi. Bu qanuna görə, milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, özləri və ya valideynləri Azərbaycan ərazisində doğulmuş keçmiş Rusiya imperiyası təbəələri Azərbaycanın vətəndaşları hesab edildilər. Cümhuriyyət türk-müsəlman dünyasında ilk dəfə olaraq kişilərlə qadınların hüquq bərabərliyini təmin etdi, qadınlara sevib-seçilmək hüququ verildi. Maraqlıdır ki, həmin dövrdə Avropa ölkələrinin çoxunda qadınların kişilərlə hüquq bərabərliyi hələ rəsmiləşməmişdi.
Bütün sadalanan bizim çağdaşlığımızın, mədəniyyətimiz, tarix və ucalığımızın sadəcə kiçik bir hissələridir. Əgər bu bu gün varıqsa, öz dövlətimiz, vətənimizlə fəxr ediriksə, bu tarix boyu canlarından keçmiş qəhrəman oğul və qızlarımızın al qanları bahasına başa gəlmişdir. Biz – bütün Azərbaycan xalqı şanlı bayrağımızın Qarabağda dalğalanacağı günü həsrətlə gözləyirik. Mən əminəm, Azərbaycan xalqının igid, vətənpərvər övladları olduqca bu arzu gec-tez reallaşacaq. Biz bu arzunun təminatçısıyıq. Əzəli və əbədi Azərbaycan torpaqları geri qayıdacaq!