AŞPA həmməruzəçiləri Dağlıq Qarabağdakı qondarma “seçkiləri” tanımırlar
04 aprel 2020 13:17:26
Məlum olduğu kimi, hazırkı dövrdə hamımız üçün beynəlxalq əlaqələrin həyata keçirilməsi o qədər də asan deyil. Çünki dünyada baş verən hadisələr, xüsusilə koronavirus pandemiyası ilə əlaqədar həyat tərzimizin dəyişməsi tamamilə yeni reallıqların gündəmə gətirilməsini şərtləndirib. Bu nöqteyi-nəzərdən, beynəlxalq təşkilatlar da kənarda qalmayıb. Bildiyiniz kimi, beynəlxalq təşkilatların bir qismi artıq fəaliyyətlərini tam, bəziləri isə qismən dayandırıb. Beynəlxalq təşkilatlarda işin nə vaxt normal şəkildə bərpa olunacağı hələ bilinmir. Ancaq buna baxmayaraq, bizim üçün Azərbaycan Prezidenti İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasındakı nitqi, xüsusilə də xarici siyasətin aparılması prinsipləri ilə bağlı fikirləri əsasdır.
Zəfər.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
Səməd Seyidov deyib: “Beynəlxalq münasibətlərin faktiki onlayn rejimə keçdiyi indiki vəziyyətdə də biz öz fəaliyyətimizi davam etdiririk. Xüsusilə bu fəaliyyət ona görə vacibdir ki, bəzi qüvvələr hətta belə bir vəziyyətdən istifadə edə və Azərbaycana qarşı hər hansı təxribatla məşğul ola bilərlər. Bildiyiniz kimi, bir neçə gün əvvəl Avropa Şurası Parlament Assambleyasının həmməruzəçilərinin subyektivliklə dolu və əməkdaşlıqdan uzaq mövqeyi ilə əlaqədar AŞPA-nın prezidentinə və həmməruzəçilərin özlərinə kəskin məktub göndərmişdik. Məktubda qeyd edilib ki, bu cür əməkdaşlıq mümkün deyil, ikitərəfli əlaqələr, ilk növbədə, bir-birimizlə məsləhətləşmə, fikir mübadiləsi, dialoq yaradan addımlarla müşayiət olunmalıdır. Xüsusilə vurğulanıb ki, baxmayaraq ki, AŞPA Dağlıq Qarabağ probleminin həlli ilə birbaşa məşğul olmur və bu mandat ATƏT-in Minsk qrupundadır, Avropa Şurası və onun Parlament Assambleyası bu məsələ ilə bağlı münasibəti 2005-ci ildə qəbul etdiyi 1416 nömrəli qətnamədə birmənalı şəkildə bildirib”.
Dünən axşam Avropa Şurası Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Rocer Qeyldən məktub aldığını diqqətə çatdıran Səməd Seyidov deyib ki, həmin məktubda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində martın 31-də keçirilmiş qondarma “seçkilər”lə bağlı həmməruzəçilərin bəyanatı əks olunub. Bəyanatda həmməruzəçilər AŞPA-nın 1416 saylı qətnaməsini tam şəkildə dəstəkləyir və eyni mövqedən çıxış edərək Dağlıq Qarabağ kimi qeyri-qanuni bir qurumu tanımadıqlarını bildirirlər. Bundan başqa, həmməruzəçilər ATƏT-in Minsk qrupunun 31 mart tarixli bəyanatını tam şəkildə dəstəklədiklərini vurğulayaraq ona qoşulduqlarını bildirirlər. Məlum olduğu kimi, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağda keçirilmiş “seçkilər”in tanınmaması və həmin seçkilərin ümumi regiona xələl gətirməsi ilə bağlı bəyanat yaydılar.
Milli Məclisin komitə sədri deyib ki, AŞPA Monitorinq komitəsinin belə bir bəyanatı bizim üçün vacibdir: “Çünki bir çox hallarda biz görürük ki, bəzən bu məruzəçilər insan haqları ilə bağlı məsələləri qaldırırlar, ancaq Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün insan haqlarının pozulması məsələsində hansısa bəhanələr ortaya qoyaraq fikir bildirmirlər. Hesab edirəm ki, Azərbaycanın konkret və açıq münasibəti, dövlətimizin başçısı tərəfindən bizə tövsiyə olunduğu kimi, milli maraqlarımıza uyğun siyasətin yürüdülməsi, eləcə də bizim AŞPA prezidentinə ünvanladığımız məktubda əks olunan fikirlər məhz həmməruzəçilərin belə bir reaksiyasına əsas yaratdı. İkincisi, AŞPA-nın prezidenti də bizə bu yaxınlarda ünvanladığı məktubda məruzəçilərin Azərbaycan nümayəndə heyəti, Azərbaycanın dövlət və hökumət rəsmiləri ilə əməkdaşlığının konstruktiv şəkil təşkil olunmasını əlaqələrin inkişafı üçün ən əsas məqamlardan biri kimi qiymətləndirib. Hesab edirəm ki, AŞPA-nın yeni prezidentinin bu fikri dəstəklənməlidir.
Bir sözlə, Azərbaycan üzrə həmməruzəçilərin göndərdikləri məktub, həmin məktubda Dağlıq Qarabağın müstəqil qurum kimi tanınmaması, işğalçı rejimin qeyri-legitim olması, ATƏT-in Minsk qrupunun bəyanatına tam dəstək verilməsi ilə bağlı ifadə olunan mövqe bizim konkret, açıq, səmimi və sərt mövqeyimizin nəticəsidir”.
Xatırladaq ki, bir çox dövlətlər, beynəlxalq və regional təşkilatlar, o cümlədən ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, NATO, ATƏT Parlament Assambleyası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, GUAM, indi də AŞPA Dağlıq Qarabağda keçirilən “seçkilər”in qeyri-qanuni və qeyri-legitim hesab olunduğunu bildiriblər. Həmin dövlətlər və təşkilatlar bu “seçkilər”i heç bir halda tanımadıqlarını bəyan ediblər. Bununla da Ermənistanın növbəti seçki şousu yenidən iflas oldu.(Modern.az)