"Azərbaycan naminə" esse müsabiqəsində III yerin qalibi - ESSE
06 aprel 2020 17:01:47
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə 2016-cı il 1-4 aprel tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərin 4-cü ildönümünə həsr olunmuş, ölkəmizdə yerləşən 10 universitet arasında 01.02.2020-10.03.2020-ci il tarixlərində “Azərbaycan naminə” adlı esse yazı müsabiqəsi təşkil etmişdir.
"Azərbaycan naminə" adlı esse müsabiqəsində 3-ci yerə Bakı Mühəndislik Universitetinin Pedaqoji fakültəsinin V kurs tələbəsi Nuranə Mirhüseynli Mirhəmid qızının yazdığı esse layiq görülmüşdür.
Həmin esseni sizinlə paylaşırıq:
Vətənpərvərlik və şəhidlik zirvəsi
Mövzu Vətən, şəhidlər, şəhidlik zirvəsi olduqdan sonra bu barədə yazmağa nə qələm tükənər, nə də danışmağa dil, ağız yorular...
Nədir Vətən? Məndən soruşsalar, “Kimdir Vətən?” deyib sualı dəyişərdim...
VƏTƏN! Cəmi 5 hərf və 5 səsdən ibarət bir kəlmə... Amma uğrunda onlarla, yüzlərlə deyil, minlərlə can fəda oldu, şəhid oldu... Dilimizin əzbəri olan himnimizdə də hər dəfə oxuyuruq:
“Minlərlə can qurban oldu,
sinən hərbə meydan oldu”...
Nə çox şəhid verdik, nə çox qazi oldu Vətən övladları. Addım atdığımız hər qarış Vətən torpağında minlərlə şəhidin qanı var. Ciyərlərimizə çəkdiyimiz havada o şəhidlərin qanlarının qoxusu var... Hər şəhərdə “Şəhidlər Xiyabanı,hər xiyabanda “naməlum” məzarlar var... Bir də məzarı belə olmayan şəhidlər var... Nə yerləri bəlli, nə də şəhadət tarixləri...
Müharibədə atılan hər bir güllə bir ananın ürəyinə dəyir. Çox ürəklərə güllələr dəydi, çox evlərin ocağı söndü yurdumuzda, çox evlər başsız qaldı, çox evlərin dirəyi yıxıldı...
Qədim tarixə nəzər salsaq görərik ki, qonaqpərvər xalqımızın elə qonaqpərvərliyindən istifadə edib düşmən, adı kimi bəxti qara olan Qarabağımız da mənfur düşmənin pis niyyətinin aləti olub. İllərdir Azərbaycan Ordusu şəhid verir. Bir də bir şey var: Hər igidə nəsib olmaz şəhidlik! Şəhidlik zirvəsi. O uca və ali zirvə!
Atam danışmışdı bizə. Lap uşaq vaxtı. Demişdi müqəddəs olan kitabımız Qurani Kərimdə buyurulub ki, şəhidlər diridirlər... Uşaqkən fikirləşirdim ki, əgər onlar diri olsaydılar, bizim yanımızda olardılar... Anlamırdım ki, diri olan niyə torpaq altındadır? Axı, yanımızda olmalı idilər... Anamdan “Şəhid kimə deyilir?” soruşanda əmisinin şəhid olmuş oğlundan danışıb, onun şəkillərini göstərmişdi.
11 yaşım vardı gizir Mübariz İbrahimov şəhid olanda. Bu günkü gündə də həmin günlər yadımdadı. İlk dəfə idi ki, bir şəhid xəbərinə sarsılmışdım. Anamın əmisi oğlu şəhid olduğuna görə evimizdə həmişə şəhidlər barədə söhbət olurdu. Amma bu dəfə hər şey fərqli idi. Bu dəfə Azərbaycan Ordusunun hərbiçisi atəşkəs olduğu halda könüllü olaraq sərhədi keçmiş, öz arzusunu yerinə yetirmişdi... Biri var bilmək, biri də var dərk etmək... Mübariz İbrahimovun şəhid olduğunu bilirdim, amma ilk dəfə onun məzarına getməkçün evdən qaçanda necə oğul itirdiyimizi dərk etdim. Həmin gün şəhidliyi, atamın “Şəhidlər ölmürlər” dediyi sözləri, şəhadəti tam mənası ilə dərk etdim.
Bəli, qaçmışdım. Məktəbdə oxuduğum müddətdə direktorumuzun verdiyi söz, böyük bacımın (aramışda yaş fərqi çox olduğu üçün anam kimi idi) mənə verdiyi söz tutulmayanda o şəhidi ziyarət etmək üçün evimizdən qaçdım. Heç vaxt unutmaram: Noyabr ayının 7-si idi. Şəhid baş leytenant Fərid Əhmədovla şəhid gizir Mübariz İbrahimovun dəfn edildiyi gün. Hava qaralmaq üzrə idi və bacımın evə gəlməyini səbirsizliklə gözləyirdim. Çünki səhər məni xiyabana aparacağına söz vermişdi. Gəlməyəcəyini bildiyimdə paytaxt şəhərdə heç bir yolu tanımadan evdən qaçdım. Tələbəliyimin ilk ili, kənddən gəlmiş yeniyetmə və sadəcə evlə universitet arasındakı yolu bilirdim. Bu dəfə qərarlı idim. Ona görə də böyük bacıma zəng edib “Məni gözləməyin yeməyə, gec gələcəm” dedim. Əlbəttə ki, evdə olmadığına görə və axşamüstü mənim də evdən xəbər vermədən çıxdığıma görə çox əsəbləşdi telefonda. “Yolu bilmirsən, necə gedəcəksən? Təksən?”... sual yağışına tutmuşdu məni. Verdiyi suallara soyuqqanlı halda cavab verib telefonu söndürdüm...
Qorxu var idimi? İllərin acısı, həsrəti, təəssüf və qəzəb hissi yığılmışdı içimdə. O gün o zənciri qırmasaydım, bəlkə indi də “əsir” kimi qalardım. Məktəbimizin divarlarında şəhidlərə aid böyük şüarlar vardı. Sonradan daha böyük bir şüar asıldı. Şəhid Mübariz İbrahimovun şəkilləri və 15 cümləlik məktubu...
Təkbaşına, soraqlaşaraq tapdım... Arada şəhid Mübarizi yuxularımda görürdüm.Qarabağ, Xocalı... Bu dəfə yuxularıma gələn adamın görüşünə getmişdim. Ürəyim elə göynəyirdi, elə yanırdı ki... Qarşımda yüzlərlə şəhid məzarı... Xiyabanın bir tərəfindən digər tərəfinə baxanda, sanki sonsuzluğa baxırdın. Nə qədər məzarlar var imiş, İlahi... O gün bütünlükdə dərk etdim şəhidliyi. Anladım ki, onlar təkcə Vətəni sevməklə kifayətlənməyiblər, həm də Vətəni qorumağı özlərinə borc biliblər...
Evə qayıtdığımda hava tamamilə qaralmışdı. Bacım qapıda məni gözləyirdi. Evdə eşitdiyim danlaqların heç biri təsir etmirdi mənə. Nəticədə Şəhidlər Xiyabanına getmişdim, şəhidləri ziyarət etməyə getmişdim. Başıma nəyinsə gələcəyini də düşünməmişdim heç...
Əslində Vətəni sevməyi atamdan, anamdan öyrənmişdim. Şəhid Maarifin (anamın əmisi oğlu) qumbara üzərinə atılması, öz döyüşçü yoldaşlarının həyatını xilas etməsi, atamın əsgərlik illəri, ibtidai sinif müəllimimin kəndimizin şəhidləri barədə danışdıqları... hamısı təsəvvürümdə yaranmışdı, kadr olaraq gözümdə canlanırdı. İbtidai sinif müəllimim-Afət müəllimə həmişə deyirdi ki, hara getsəniz də, harda olsanız da şəhidlərimizi unutmamalısınız. Yadımdadır, kiçik qeyd dəftəri tutmuşdum özüm üçün. Müəllimim “sinifdənxaric oxu” dərslərində onların həyatından bizə danışanda danışdıqlarını qeyd edirdim... İlk Milli Qəhrəmanımız, Milli Qəhrəmanlarımızın sayı, kəndimizin şəhidləri, itkin düşən və bu günə qədər taleyi bəlli olmayan, müharibədə könüllü iştirak edənlərimiz...
Uşaqlıqdan onların doğum günləri ilə şəhadət günlərini əzbərləyirdim ki, həmin günlər yadımda olsun. Məktəbimizin adı o vaxtdan bu günə kimi şəhid Rahim Abdullayevin adını daşıyır...
Ailədə heç vaxt doğum günlərimiz xüsusi gün olaraq qeyd olunmazdı. Anam sevdiyimiz yeməklərdən bişirərdi, vəssalam. Atam xoşlamırdı çünki. Amma doğum günlərimizdə həmişə bizdən üzündəki xoş təbəssümlə cavabını bildiyi sualı soruşardı. Məndən soruşanda:
-Bu gün kimin ad günüdür?
-Ata, bu gün Çingiz Mustafayevin ad günüdür.
-Bəs sonra kimin?
-Sonra da mənim...
Milli Qəhrəman Çingiz Mustafayevlə eyni doğum gününü paylaşırıq: 29 avqust.
Çingiz ata idi. 9 aylıq körpəsi Fuadın üzünü doyunca görə bilməyən, onun dil açıb danışmasını eşidə bilməyən, “Ata” kəlməsini eşidə bilməyən ata idi. Mən onu elə ekranlardan sevmişdim. Ans kanalında yayımlanan həmin kadrlar: Budur, Çingiz əlində kamerası ilə üzü aşağı istiqamətdə qaça-qaça düşür. Laçın 1992. Növbəti kadr: Çingiz ağlaya-ağlaya Allahı çağırır: “Ay Allah! Üzünü qaldır, qaldır üzünü!” Xocalı 1992...
Çingizi zirvəyə aparan yol müharibənin içindən keçdi. Çox arzulayırdım hərbçi olmağı. Amma ailəm “o, qız sənəti deyil. Elə sənət seç ki, işləyə biləsən həmişə”, deyirdi. Çingizin şücaətini, onun özünə silah olaraq kamerasını seçməsini, haqsızlıq qarşısında susmamasını, hayqıraraq insanları qaçmağa yox, torpağı qorumağa səsləməsini, “Xocalıdan 5 yaşlı qız”ın halına iç çəkə-çəkə ağlamasını görəndə və sonda özü həmin körpə qızcığazı dəfn edəndə “Mən də Çingiz kimi jurnalist olacam!” deyirdim. Amma təəssüf... Mən nə Mübariz kimi hərbçi ola bildim, nə də Çingiz kimi jurnalist. Tələbəliyimin ilk semestri yekunlaşanda (2016-cı ilin yanvarı) tələb olunan sənədlərimi yığıb hərbi akademiyaya yazılmağı qərarlaşdırmışdım. Bu günkü günə kimi ailəmdən gizlətdiyim bu hadisədə də əliboş qayıtdım.
...“Bu gün orduda sizə ehtiyac yoxdur, xanım Mirhüseynli. Oxuyun, təhsilinizi başa vurun.” Deyib məni geri qaytardılar. Ax, ata! Niyə keçə bilmirsən övladlarından? Necə yaman demisən, “20 oğlum olsa belə, birini hərbçi kimi işləməyə qoymaram. Amma qızım səngər arzusundadı!”
Anladım ki, atamın xeyir-duası olmadan nə hərbçi kimi, nə də hərbi jurnalist kimi səngər arzum reallaşdıra bilməyəcəm. O gündən qarşıma məqsəd qoydum ki, Mübariz kimi, Çingiz kimi ola bilməsəm də, ibtidai sinif müəllimi olaraq ixtisasımı mükəmməl öyrənib Vətən üçün “Mübariz”lər, “Çingiz”lər yetişdirəcəm...
Elə həmin ilin aprelində baş verən döyüşlər... Necə oğullar itirdik biz, hamısı bir evdən yox, eldən gedən qəhrəmanlar oldu... Atasının üzünü görə bilməyən körpələr, ailənin yeganə oğul övladları, bir ailənin iki övladı, şəhid atanın şəhid olan oğlu... Çox oldu itkilərimiz, lap çox... Hər biri canlara dəyən oğullar...
Bir də qazilərimiz, canlı şəhidlərimiz, şəhidlərimizin şahidləri... Həmin ərəfədə yaralı hərbçilərimizlə görüşmək üçün hospitala getdim. Görüş vaxtı 17:00-dan sonra idi. Təxminən saat 18:00 olardı. Hospitala yaxınlaşanda dərin kədər çökdü üzümə. Halbuki, pozitiv enerji ilə daxil olmalı idim içəri. Onlara ruh yüksəkliyini mən verməli idim. Ən azından "keçəcək hamısı" deyəcəkdim...İlahi! Hospitalın hələ həyətində nə qədər yaralı hərbçi vardı... Bəziləri siqaret çəkirdi, bəziləri skamyada oturmuşdu, elələri də vardı ki, arabada idilər... Anlaşılmayan səbəblərdən dolayı görüş saatının ləğv olunduğunu dedilər. Ağlamamaqçün özümü güclə tutmuşdum. İcazə gözləyirdim. Çöldə arabada olan hərbçilərin biri ilə kiçik dialoqum oldu. O, danışdıqca fikirləşirdim ki, görəsən bunlar həqiqətən olubmu? Yuxu kimi gəlirdi adama. Onunla kiçik dialoqumuzda mənə belə dedi:
-Biz deyirik ki, müharibə olsun, döyüş olsun. Çətindi, vallah. Biz o müharibəni bir neçə gün ərzində yaşadıq. Başımızın üzərindən dayanmadan güllələr uçuşurdu. Ac və susuz idik. İnsan istəyirdi ki, həmin anda yerindən qalxsın və qışqırsın: "Bir dəqiqə dayanın!" Həmin bir dəqiqədə nəfəs alardıq. Mədəmiz kükürd iyi ilə dolmuşdu. 3 gün tankda yaralı vəziyyətdə qaldım. Döyüşlər səngiyəndə ərazilərdən çıxarıldıq... Əsgər yoldaşlarımız gözümüzün önündə şəhid olurdu. Arada soruşurdu: “Bacı, bilirsən necə böyük dərddi?”
Həmin hərbçi arabada olduğu üçün yarasının üstünə adyal örtmüşdü. Yarasını göstərdi. İki yarası vardı. Güllə qıçına girmişdi. Ama onu hiss etməmişdi dediyinə görə. Onu 4-cü mərtəbəyə kimi qalxmağa yardım etdim. Ən azı 1 il gəzə bilməyəcəyini söyləmişdi. 1 il keçdi. Məlum hadisələrdən isə 4 il keçir... Heyif ki , o hərbçidən xəbərim yoxdur indi... 6 mərtəbəli hospitalın bütün mərtəbələri, bütün otaqları yaralılarla dolu idi. Elə yaralılar vardı ki, minada bədən üzvlərindən hansısa birini itirmişdi. O mənzərənin şahidi olmaq çətin idi, həm də olduqca çətin...
“Aprel döyüşləri”nə görə Bakıda izdihamlı yürüş olacaqdı. Hətta universitetdən sinif otaqlarımıza gəlib xəbərdarlıq etmişdilər:
-Siz Qafqaz tələbələrisiniz. Əgər o yürüşdə iştirak etsəniz, tələbə biletləriniz əlinizdən alınacaq, disiplinə gedəcəksiniz...
Guya vecimə idi ki... Cəbhədə oğullar şəhid olur, dəstək yürüşümüzə görə bizi universitetdənmi qovacaqlar? “Qafqaz” adımı ləkələnəcək? Qoy, olsun...
O gün o qədər hayqıraraq atamın uşaqlıqda bizə öyrətdiyi “Şəhidlər ölməz, Vətən bölünməz” ifadəsini səsləndirmişdim ki, axşam evə qayıdanda səsim batmışdı. Elə bilirdim ki, nə qədər ucadan səsləsəm, səsim hər yerə çatacaq, şəhid anaları eşidəcək, Qarabağ da duyacaq həmin hayqırtımı...
Canım ağrıyırdı, ona görə yox ki, səsim batmışdı. Ona görə yox ki, ayaqlarım tutulmuşdu... Ürəyimin sızıltısına məlhəmim yox idi...
Sonra bir gün... “Müstəqillik günü”nə bir neçə gün qalmışdı. Dostlardan biri zəng edib “Nuranə, təcili metroya düş”, dedi. Qaçaraq getdim. Əlində əzik-üzük bir butulka vardı. Üzərində “əsgər payı” yazısı.
-Torpaqdı, Qarabağın torpağı. Üstündə şəhidlərin qanı var. Lələtəpənin-Laləli təpənin torpağından...
Mənim müstəqillik payım... O an hansı hisslər keçirdiyimi tam olaraq xatırlamıram. Amma onu bilirəm ki, insanların sıx olduğu “28 May”da məhəl qoymadım heç kimə. Özümü saxlaya bilməyib için-için ağladım. O torpaqlara heç bir zaman ayaq basmamışdım. Amma o torpaqlarda qardaşlarım şəhid oldu, ata kimi çox sevdiyim igidlər şəhid oldu, qazi oldu...
Qoxlayıb o qədər öpdüm ki... Bir ovuc torpaq nə qədər də həsrət qoxurdu. Vətən hər dara düşdüyündə “hərbçi” olmamağımın peşmanlığını çəkdim mən...
Bir gün o torpaqlara qayıdacağıq. Qarabağ da həsrət qalıb bizlərə. Qarabağ da düşmən tapdağından bezib. Doğurdan da, görəsən, sərhəddənmi başlanır Vətən? Araz çayı boyunca uzanıb gedən tikanlı sərhəd dirəklərindənmi? Yoxsa başı qarlı Qafqaz dağlarından, xəritədə qartal dimdiyi xatırladan doğma Abşeronumuzdan, mavi Xəzərimizin sahillərindənmi? Ya da bəlkə Vətən elə erməni tapdağı altında qalan, əzəli və qədim torpaqlarımız olan Qarabağdan,”Ölülər şəhəri” adını almış Şuşadan, yerlə yeksan olunmuş Xocalı şəhərindən, keçmişdə Qarabağ xanlarının kəndi olmuş, ermənilərin müasir dövrdə Stepanakert adlandırdıqları Xankəndidən, qeyrətli oğullarımızın keşik çəkdiyi cəbhə bölgəsindən, səngərlərdənmi?
Əslində adı çəkilən yerlər, guşələr hər biri Azərbaycanın qarış-qarış torpaqlarıdır. Vətən bizim özümüzdən, varlığımızdan başlanır. Vətən səndən başlanır. MƏNDƏN BAŞLANIR VƏTƏN!
Rəsul Rza nə gözəl yazıb:
Mübarizə bu gün də var,
Yarın da.
Mən də onun ən ön sıralarında...
Şəhadət ən böyük eşq, Şəhid ən böyük aşiqdir...
Hər an hazır olmalıyıq! Torpaqlarımızı işğaldan azad etməkçün canımızdan keçməyə hazır olmayıq!
TƏKİ VƏTƏN SAĞ OLSUN!