"Azərbaycan naminə" esse müsabiqəsində III yerin qalibi - ESSE
02 aprel 2020 23:25:38
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə 2016-cı il 1-4 aprel tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərin 4-cü ildönümünə həsr olunmuş, ölkəmizdə yerləşən 10 universitet arasında 01.02.2020 - 10.03.2020-ci il tarixlərində “Azərbaycan naminə” adlı esse yazı müsabiqəsi təşkil etmişdir.
"Azərbaycan naminə" adlı esse müsabiqəsində 3-ci yerə Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsinin Beynəlxalq Münasibətlər İxtisasının II kurs tələbəsi Nizami Bayramlı İmran oğlunun yazdığı esse layiq görülmüşdür.
Həmin esseni sizinlə paylaşırıq:
Mənəvi dəyərlərimiz
Cəmiyyətin inkişafında, təşəkkül tapmasında mənəvi dəyərlər həlledici rol oynayır. Hər bir dəyəri formalaşdıran müxtəlif amillər var. Hər bir xalqın yaşadığı coğrafi ərazi və yaxud da onun inkişafına təsir göstərən amillər mənəvi dəyərlərin qaynağı hesab olunur. Qaynaqlar elə bir şəkildə sintez olunub ki, onları bir-birindən ayırmaq və ya fərqləndirmək mümkün deyil. Mənəvi dəyərlər əxlaqi, ictimai, bəşəri, beynəlmiləl dəyərlərin toplum sistemdir. Xalqın, millətin, varlığının, dünyagörüşünün izahıdır. Bütövlükdə desək, mənəvi dəyərlər xalqın kimlik vəsiqəsidir.
Mənəvi dünyamızın zənginliyini, mədəniyyətimizin və tariximizin həmişə yüksəkdə olmasını, toxunulmazlığını qoruyub saxlamaq hər bir Azərbaycan vətəndaşının borcudur. Azərbaycan xalqı zəngin mənəvi dəyərləri özündə cəmləşdirir. Bütün zamanlarda xalqımız öz mənəvi dəyərlərinə ehtiramla yanaşmış, onları daima qəlbində yaşatmış və özündən sonra gələn nəsillərə ötürmüşdür. Dəyərlərimizə sədaqət dövlət və dövlətçiliyimizin formalaşmasında mühim əhəmiyyət kəsb etmişdir. Azərbaycan xalqının əsas mənəvi dəyərləri ədalətli olmaq, ailə birliyinə önəm vermək, vətənsevərliyi aşılamaq, qanunlara, dinimizə hörmət, eyni zamanda tolerantlıq, çalışqanlıq, qonaqsevərlik kimi prinsiplərə söykənir. Milli-mənəvi dəyərlərimiz sırasında milli tarix, milli dil, dinimiz, milli mədəniyyət və incəsənət, ədəbiyyatımız, ideologiyamız, təfəkkür, ailə, milli musiqimiz, millətimizin fərdi yaddaşı, xalqımızın qədim tarixi olan folklorumuz özünəməxsus yer tutur. Bütün uğurlarımız, keyfiyyətlərimiz xalqımızın milli-mənəvi dəyərlərinə daxildir. Xalqımızın bu günə qədərki inkişaf tarixində mənəvi dəyərləri mədəniyyətlə eyni addımlamış, bir-birini tamamlamaqla vəhdət təşkil etmişdir. İnsanlar elə bir mənəvi sivilizasiyaya çatmalıdırlar ki, maddi dəyər yarada bilsinlər.
Ulu öndərimiz mənəvi dəyərlərlə bağlı demişdir: “Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”. Xalqımızın bütün zamanlarda yaşatdığı milli-mənəvi dəyərlərin, milli mədəniyyətinin, xalqın mentalitetinin qorunması, yüksəlməsi, inkişafı, zənginləşdrilməsi ulu öndərin həmişə diqqətində idi. Heydər Əliyev gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyələndirməyə çağırırdı.
Mənəvi dəyərlərin başlıca prinsiplərinin əsasında dil dayanır. Ana dilimiz bizim mənəvi zənginliyimizin təcəssümüdür. Bədii ədəbiyyatda ana dilimizin mənəvi zənginliyini təcəssüm etdirən xeyli sayda nümunələr var: Məsələn, Bəxtiyar Vahabzadənin yaradıcılığındakı “Ana dili” şeirindən bir parçaya diqqət yetirək:
Bu dil,-tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil,-əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub nəsillərə biz də hədiyyə verək.
Azərbaycan xalqı özünün yaşatdığı qədim milli-mənəvi dəyərləri ilə tanınır və bəşəri ideyaları təbliğ edir. Milli xüsusiyyətlər, adət-ənənələri ilə dünya mədəni irsində özünəməxsus yer tutur. Qədim köklərə malik olan Azərbaycan xalqının bir çox adətini qoruyub saxladığını, uzun illər aparılan araşdırmalar, tədqiqatlar üzə çıxarır. Min illər əvvəl formalaşan, müasir dövrümüzə qədər demək olar ki, dəyişilməyən doğma yurdumuzun milli dəyərləri, itirilməzliyini və toxunulmazlığını qoruyub saxlayan dəyərlərdir. Milli dəyərlərinə, tarixinə, öz soykökünə, inanclarına dönük çıxan dövlətlər və millətlər müəyyən zaman kəsiyində əriyib yoxa çıxması barəsində tarixdə bir neçə faktlar özünü əks etdirir. Hər hansı bir dövləti, xalqı məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayətdir. Xalqımızın simasında milli-mənəvi dəyərlərimiz zaman-zaman yaşamışdır. Bir çox məqamda mədəniyyətimiz, mənəviyyatımız, milli-mənəvi dəyərlərimiz bizi başqa millətlərdən, xalqlardan fərqləndirir.
Ölkəmizin mənəvi dəyərləri olduqca zəngindir. Bu zəngin irsə daxil olan Azərbaycan musiqisinin incilərindən olan muğamlarımızın üzərindən sükutla keçə bilmərik. Muğam xalqımızın keçdiyi əzəmətli tarixi yolu, qəhrəmanlıq səhifələrini, döyüş ruhunu, Azərbaycan qadınlarının sədaqət və mətanətini əsrlərin üzərindən keçirib bu günümüzə gətirib çıxarmışdır. Muğam haqqın, ədalətin bayraqdarı, məzlumun haqqı tapdanmış insanların sığınacaq evidir. Bəxtiyar Vahabzadənin “Muğam” qəzəlində bu həqiqətlər aydın şəkildə nəzərə çarpılır.
Daş ürəklərdə yanıb daşları sındırdı muğam.
Haqqa düşmən olanı haqqa tapındırdı muğam.
Muğam ana südü kimi və müqəddəslik aşılayır. Mən öz qəzəlimdə muğamın bu cəhətini diqqətə çatdırmağa çalışmışam:
Ruhuma eylədi təsir, nə gözəl səsdi muğam,
Bir ana laylasıdır, sanki, müqəddəsdi muğam.
Azərbaycan muğamı xalqımızın ruhunu əsrlər boyu yaşatmış, bu gün də yaşatmaqdadır. Xalqımızın təfəkküründə və düşüncə tərzində muğam sənəti öz əksini tapır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin muğama diqqət və qayğısının təşəbbüsü ilə yaradılan “Beynəlxalq Muğam Mərkəzi” sənətin qədimliyini nümayiş etdirən bir abidədir. Ölkə başçısı demişdir: “Muğam Azərbaycanın milli sərvətidir. Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində saxlamışdır. Nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur, inkişaf edir”.
Mənəvi dəyərlərimiz tək keçmiş nəsil üçün deyil, həm də gələcək nəsilə irs, milli mentalitet kimi ərməğan edilməlidir. Bir gənc şair kimi mən də öz yaradıcılığımda bu dəyərlərə yer verib, onları gəncliyimizin mənəvi ruhunda yaşatmağa çalışıram. Şeirlərimin əksəriyyətində mənəvi dəyərlərimizin toxunulmazlığını qoruyub saxlayıram. “Söz sənəti” şeirimdə bunu aydın şəkildə göstərmişəm:
Xəqanidən Nizamiyə,
Nizamidən Xətaiyə,
Xətaidən Füzuliyə,
Yadigardır söz sənəti.
Vaqifimin sədası var,
Bu sənətdə.
Natəvanın laylası var,
Bu sənətdə.
Əsrlərdir ruhumuzda gəzir bu söz,
Ələsgərin sazındadır,
Dədə Qorqud qopuzunda gəzir bu söz.
Bu söz
Zəlimxanın dilindədir,
Səməd Vurğun elindədir.
Söz sənəti (aşıq yaradıcılığı, rübailər, bayatılar, qoşmalar) ədəbiyyatımızda mənəvi dəyərlərimizin simvolu kimi çıxış edir. Bir gənc nəsil olaraq, ötən nəsil kimi biz də dəyərlərimizi fəaliyyətimizdə, qəlbimizdə, əməlimizdə yaşatmalı, babalarımızdan bizə gəlib çatan bu dəyərləri bizdən sonra gələn gənc nəsilə ötürməliyik.