"Azərbaycan naminə" esse müsabiqəsində II yerin qalibi - ESSE
01 aprel 2020 13:04:36
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə 2016-cı il 1-4 aprel tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərin 4-cü ildönümünə həsr olunmuş, ölkəmizdə yerləşən 10 universitet arasında 01.02.2020-10.03.2020-ci il tarixlərində “Azərbaycan naminə” adlı esse yazı müsabiqəsi təşkil etmişdir.
"Azərbaycan naminə" adlı esse müsabiqəsində 2-ci yerə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin III kurs tələbəsi Balakişiyeva İlahə Rəfail qızının yazdığı esse layiq görülmüşdür.
Həmin esseni sizinlə paylaşırıq:
MƏNƏVİ DƏYƏRLƏRİMİZ
İstər böyük, istərsə də kiçik xalqların, etnosların, etnik azlıqların tarixinə, formalaşma mərhələlərinə baxsaq hər birinin qoruyub saxladığı, istinad etdiyi, fəxr etdiyi bir sıra xüsusiyyətlərinin, mənəvi dəyərlərinin olduğunu görə bilərik. Biz uzun illər fərqli mədəniyyətlərin əsarətində yaşamağımıza baxmayaraq, öz tarixini qədimdən götürən, milli və mənəvi dəyərlərə sahib xalqıq. Mənəvi dəyərlərimiz təkcə bir kimliyimiz yox, həmçinin dünya xalqları arasındakı varlığımızın göstəricisidir. Bu essedə bütün şablonlardan, çeynənmiş ibarələrdən uzaq olaraq bir Azərbaycan gəncinin gözündə bizim xalqımızın, Azərbaycan xalqının mənəvi dəyərlərinin nə olduğunu, ona necə yanaşıldığını göstərməyə çalışacam. Qeyd etmək mühümdür ki, bəzən milli-mənəvi dəyərlərimizi mentalitet xüsusiyyətləri kimi başa düşürlər. Lakin mənəvi dəyərlərimiz cəmiyyətimiz formalaşmasında mühüm rol oynayan, onun inkişafına dəstək olan qaydalardır. Bu qaydalar dəyişə bilər, lakin dəyərlər dəyişməzdir. Sadə bir misalla desək, iki yüz il bundan qabaq kişinin papaqsız gəzməyi xoş qarşılanmazdı. Kişilər ən mühüm görüşlərdə başlarına papaq qoyardılar. Lakin günümüzə baxdıqda bu qaydanın dəyişdiyini müşahidə edirik. İclarlarda, məclislərdə papaqla oturmaq hörmətsizlik kimi qəbul edilir. Belə nəticəyə gəlmək olar ki, mentalitet dəyişkən anlayışdır, lakin mənəvi dəyərlər haqqında isə bunları deyə bilmərik. Belə bir sual yaranır: “Bəs Azərbaycanın formalaşmasında hansı dəyərlər, ənənələr xüsusi rol oynadı?” İlkin olaraq, hər bir xalq, vətəndaş üçün ən böyük mənəvi dəyər onun özünü mənsub hesab etdiyi ərazinin, dövlətinin olmasıdır. “Dədə Qorqud” dastanına nəzər salsaq görərik ki, torpaq və millət anlayışı qədim oğuzlar üçün müqəddəs olmuşdur. Elə buna görədir ki, oğuzlar müqəddəs saydıqları torpağı qazmaq, dağıtmaq, çalalar açaraq evlər, qalalar tikmək ənənəsindən uzaq olmuş, bunun əvəzinə isə torpağın üzərində qurulan çadırlarda yaşamışlar. Diqqət yetirsək, sizin üçün yad olan hansısa bir ölkəyə getdikdə, ilk öncə kimliyinizin soruşulduğunu görürük və bu suala hansı ölkədən olduğunuzu bildirərək cavab verir, daha sonra özünüz haqqında məlumat verirsiniz.Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mənsub olduğumuz Azərbaycanımız ən başda duran mənəvi dəyərimizdir və bu ölkə daxilində bizim digər mənəvi dəyərlərimiz: ailə dəyərlərimiz, diliniz, dinimiz, incəsənətimiz, ədəbiyyatımız, əllə sayıla biləcək nümunələr içərisində olan dahi şəxsiyyətlərimiz və s. formalaşıb inkişaf edir. Bu sadaladığımız dəyərlərə baxdıqda diqqəti çəkən ən böyük dəyərlərimizdən biri ailə dəyərimizdir və bir sıra digər dəyərlərimiz onun üzərində öz təsdiqini tapır, daim ona istinad edir. Hələ qədim zamanlardan xalqımız ailəyə xüsusi dəyər vermiş, onun müqəddəsliyinə inanmışdır. Bizim digər xalqlardan əsas fərqimiz böyük ailə anlayışına sadiqliyimizdir. Güc birlikdən doğar misalı hər zaman bu xalqa ailə dəyərlərini saxlamaq üçün yol göstərmişdir. Böyük türk alimi, filosof, riyaziyyatçı Nəsrəddin Tusi öz “Əxlaqi-Nasiri” əsərində ailə dəyəri, onun qorunub saxlanılmasının vacibliyindən söz açmışdır, hətta sağlam dövlət üçün sağlam ailənin gərəkli olduğu fikrini illər öncə öz kitabında qeyd etmişdir. Azərbaycan xalqı ailəyə qarşı həmişə həssas və mühafizəkar olmuşdur. Bunu sadə bir misalla anlamağa çalışaq. Yəqin ki, hər birimizə Azərbaycanın məşhur neft milyonçusu Murtuza Muxtarovun faciəli, lakin bir o qədər də qəhrəmanlıqla bitən, insanlığa örnək olan həyat hekayəsi məlumdur. 1920-ci ildə XI Qızıl Ordu Bakıya daxil olduğu zaman Ordunun iki silahlısı Murtuza bəyin Səadət Sarayındakı evinə atla daxil olur və Murtuza bəy ailəsinə qarşı edilən bu hərəkəti özünə təhqir hesab edərək həm evinə daxil olan bolşeviki, həm də özünü qətlə yetirir. Ailə yalnız bizim yaşadığımız ev nəzərdə tutulmur. Qeyd etdim ki, Azərbaycan bizim ən böyük mənəvi dəyərimizdir. Bu iki məfhum bir-biri ilə eynilik kəsb edir, yaşadığımız evin daxilindəkilər kimi mənsub olduğumuz ölkənin daxilindəkilər də bizim ailəmizdir. Aqil Abbasovun “Dolu” romanındakı epizoda baxsaq, əsgərlərin döyüş zamanı bir-birinə döyüşdən geri çəkilməməklərini, çünki geridəkilərin onların ailəsi olduğunu bildirdiklərini görürük. Bu da bizə göstərir ki, ailə dəyəri əsgərlərdə döyüş üçün hər zaman stimul olmuşdur ki, arxadakılar mənim ailəmdir, vətənimin içindəkilər mənim ailəmdir və mən ailəmi qoruyuram. Bu o deməkdir ki, mənəvi dəyər heç bir maddiyyatla ödənə bilməz. Tarix səhifələrə baxdıqda qadının Azərbaycan xalqının ən mühüm mənəvi dəyərlərindən olduğunu da görürük. Millətin formalaşma mərhələlərindən qadına xüsusi dəyər verilmiş, hörmət göstərilmiş, onun fikir və bacarıqlarından istifadə edilmişdir. Heç təsadüfi deyil ki, tariximizin ən mühüm siyasətçilərindən biri, Azərbaycanın taleyini dəyişən Sara Xatun diplomatik danışıqlara getmiş və xalqı çıxılmaz vəziyyətlərdən xilas etmişdir. Məhz Şərqdə müsəlman ölkələr arasında ilk dəfə 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququ verən xalq da Azərbaycan xalqı olmuşdur. Bütün şərq dünyasında ilk qadın opera bəstəkarı azərbaycanlı Şəfiqə Axundovadır. Ruhanilərin qızlara təhsil vermək təklifindən qəzəblənib xalqı ayağa qaldırmasına baxmayaraq, görkəmli mesenat Hacı Zeynalabdin Tağıyev Qızlar məktəbi açdıraraq məhz qadınların təhsil alması və maariflənməsi yolunda böyük addım atmışdır. Qadına ən yüksək qiymət verən romantizm üslubunun görkəmli nümayəndələrindən olan Azərbaycan şairi biri Qətran Təbrizi hətta qadını Tanrı qatına yüksəltmiş onun necə bir dəyər olduğunu bu beytlərlə təsvir etmişdir: Firqətin bir tanrı hökmü... Sən özün tanrım mənim! Tanrı hökmündən nə cür qurtarım can, hardasan?
Azərbaycanın ən mühüm dəyərlərindən biri də Azərbaycan ədəbiyyatıdır. Xalqımızın ədəbiyyata, şeirə, poeziyaya düşkünlüyü heç kəsə sirr deyil. Əksər məclislərdə şeirlər deyilməsi, məşhur şair və yazıçılardan sitatlar gətirilməsi ədəbiyyatın ədəbi üslubdan məişət üslubuna necə keçdiyi və xalqın mənəvi dəyərinə çevrildiyini göstərir. Hətta maraqlı faktdır ki, Azərbaycan bayrağının ideyası hər hansı bir siyasətçi tərəfindən deyil, bir ədib -Əli bəy Hüseynzadə tərəfindən verilmişdir. Hətta Müasir Azərbaycan Respublikasının taleyində şairlər, ədiblər mühüm rol oynamışlar. Yazıçı və şairlərə ən çox təyziq göstərildiyi dövrlərdə belə onlar bu dəyəri saxlamağı bacarmış və gələcək nəsillərə ötürmüşlər. Sovet İttifaqında dini ,tarixi, milli yazıların qadağa olduğu vaxt Hüseyn Cavid “İblis”, “Peyğəmbər,” “Şeyx Sənan” kimi möhtəşəm əsərləri dünya ədəbiyyatına bəxş etməklə bu faktı bir daha sübut etdi. Tarixən inkişaf yolu keçən və xalqımız qədər qədim olan incəsənət nümunələrimiz mənəvi dəyərlərimizi nümayiş etdirir. Dünyanın hansı nöqtəsinə getsək Azərbaycan incəsənətinə aid ən azı bir nümunəyə rast gələrik. Bu torpaqlarda tapılan ilk tarixi abidələrdən tutmuş günümüz memarlığına qədər hər yerdə bu millətə xas olan incəsənət müşahidə olunur. Hal-hazırda çox az sayda ev tapılar ki, orada hər hansı bir çalğı aləti olmasın və ya çalğı alətində ifa edən bilən kimsə olmasın. Bu faktın özü belə incəsənətin bu xalq üçün necə bir dəyər olduğunu sübut edir. Ayrı-ayrı incəsənət nümunələrinə nəzər salsaq onlarla unikal incilər müşahidə edərik. Azərbaycan xalçaları da bu incilərdən olmaqla bərabər, həmçinin dünyada tanınmış eksponatlardandır. Biz xalçaya sadəcə bəzək əşyası kimi baxmırıq, diqqətlə baxdıqda biz onlarda dövrün mənzərəsini görə bilərik, sanki xalçada əks olunan naxışlar bizimlə danışır və dekorativ tətbiqi sənətin təşkilinin əzəli bədii prinsiplərini bərqərar edir. Bu hissədə öz həyat eşqi və parlaq koloriti ilə seçilən Qarabağ xalçaları xüsusilə seçilir. Heç təsadüfi deyil ki, Şərqin ən məşhur şairlərindən olan Firdovsi öz “Şahnamə” poemasında əsərin baş qəhrəmanı Rüstəmə məhz Qarabağ xalçalarını həsr etmişdir. Fəxr edəcəyimiz dəyərdir ki, Azərbaycan qadınının əlləri ilə hazırlanmış xalçalarımız bu gün YUNESKO-nun mədəni irs siyahısına daxil edilmişdir və Sankt-Peterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Vaşinqtonda Tekstil, Parisdə Luvr, İstanbulda Topqapı kimi dünyanın böyük muzeylərini bəzəyən xalçalar sırasındadır. Bu məqamda mənəvi dəyərlərimizə sahib çıxan onun dəyişilməsinə icazə verməyən Ümummilli Lider Heydər Əliyevin xidmətlərini unutmaq olmaz. Heydər Əliyev incəsənət xadimlərinə, ədiblərə xüsusi diqqət ayırmışdır. Onları müxtəlif medallar və ordenlərlə mükafatlandıraraq repressiv təyziqlərdən xilas etmişdir. Məhz onun sayəsində Azərbaycan ədəbiyyatı digər sovet xalqları arasında daha azad ədəbiyyat hesab edilirdi. Ümumilli Liderin dövründə bir çox sənətçimiz SSRİ xalq artisti adını almış, Sovet İttifaqında layiq olduqları hörməti qazanmışlar. Bəzən elə düşüncə yaranır ki, müasir Azərbaycan gənci dəyərlərimizi tam dərk etmir və gənclərimiz musiqi sənətinin dərinlikləri, incəlikləri ilə maraqlanmır. Diqqətdən yayınmamalı əsas məqamlardan biri də digər unikal incəsənət sahəmiz olan muğamdır. Özündə dərin fəlsəfə, emosionallıq daşıyan bu musiqi janrı oxunma texnikasına və mürəkkəbliyinə görə heç bir musiqi janrına bənzəmir və tam unikaldır. Məhz buna görə Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Məcid Behbudov, Zülfü Adıgözəlov, Hacıbaba Hüseynov kimi Azərbaycan muğamına saysız qatqıları olmuş muğam ustalarımızı unutmamalıyıq. Muğam janrı şərq xalqlarının mədəni həyatında, onların mənəvi dünyasının formalaşmasında həlledici rol oynadığı üçün bu ölkələrin musiqi salnaməsində dərin izlər buraxmışdır. Qısa bir muğam parçası xalqımızın gördüyü əziyyətləri, çaldığı zəfərləri, şadlıq və sevincləri bizə anladır. Muğam üzərində Azərbaycanın unudulmaz cazmeni Vaqif Mustafazadə muğam-caz kompozisiyasını yaratdı. Üzeyir Hacıbəyov məhz muğam üzərində şərqin ilk operasını yazdı. Beləliklə muğam tək bizə deyil, bütün dünyaya yeni bir dəyər qatdı. Kamil Cəlilovun balabanda ifa etdiyi kiçik bir muğam parçası 1977-ci ildə “Voyacer” qızıl plastinkasında kosmosa göndərilmişdir. Çox həyəcanverici bir nüansdır ki, qırx min il sonra roket başqa bir qalaktikaya çatdığı zaman, əgər mövcuddurlarsa başqa mədəniyyətlər plastinkaya qulaq asarkən Azərbaycan muğamının da varlığından xəbərdar olacaqlar. Əslində onlar tək qısa bir muğam parçasını deyil, eyni zamanda bu xalqın var oluş hekayəsini dinləyəcəklər. Biz olmasaq belə bizim mənəvi dəyərlərimizdən bir parça həmişə kainatda olacaq. Azərbaycan xalqının mənəvi dəyərlərinə sahib olmaq, onu uca tutmaq, tanıtmaq üçün məhz Azərbaycanda yaşamaq şərt deyil. Bunu biz elm sahəsində xüsusilə fərqlənərək dünya elmini öz ideyaları ilə zənginləşdirən, elmə gətirdiyi yeniliklərlə dünyanı heyrətə gətirən Lütfi Zadənin timsalında görə bilərik. Elm və texnologiyanın inkişafına verdiyi töhfələr və mədəniyyətlərarası dialoq qurulmasında göstərdiyi xidmətlərinə görə biz hər zaman onunla mənəvi cəhətdən qürur duyuruq. Bunlar sadə görünə bilər, lakin heç də asanlıqla əldə olunmuş nailiyyətlər deyil. Bu dəyərlər bizi bir xalq kimi formalaşdırdı, müasir Azərbaycanın qayəsi oldu. Bəli, onları adlarını çəkib bəhs etdiyimiz və bu sayılı səhifələrdə qeyd edə bilmədiyim saysız neçə dahilər, şəxsiyyətlər, alimlər, müəllimlər, ağsaqqallar, ən önəmlisi isə Azərbaycanlılar yaratdı və müasirliyə, qlobal dünyaya ötürdü. Biz Azərbaycan gəncləri də başa düşməliyik ki, bizi biz edən dəyərlərimiz, kimliyimiz, milli mənsubiyyətimizdir. Bizim onları qorumadığımız təqdirdə onlar da, tarixdəki bir çox xalqların dəyərləri kimi itib gedəcək. Bu yerdə fikrimi mənəvi dəyərlərimizin qorunması fonunda dəyərlər haqqında deyilmiş Ernesto Çe Quevaranın möhtəşəm bir fikri ilə bitirmək istəyirəm: “Nə qədər fərqli olursa olsun sənin olmayana heç vaxt göz dikmə və nə qədər bəsit olursa olsun sənin olandan heç vaxt əl çəkmə”