"Azərbaycan naminə" esse müsabiqəsinin qalibi - I yer
01 aprel 2020 11:47:08
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə 2016-cı il 1-4 aprel tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərin 4-cü ildönümünə həsr olunmuş, ölkəmizdə yerləşən 10 universitet arasında 01.02.2020-10.03.2020-ci il tarixlərində “Azərbaycan naminə” adlı esse yazı müsabiqəsi təşkil etmişdir.
"Azərbaycan naminə" adlı esse müsabiqəsində 1-ci yerə Bakı Ali Neft Məktəbinin Kimya Mühəndisliyi fakültəsinin III kurs tələbəsi Əhmədov Rəşad Bəxtiyar oğlunun yazdığı esse layiq görülmüşdür.
Həmin esseni sizinlə paylaşırıq:
Vətənpərvərlik və Şəhidlik zirvəsi
Bu yazıya başlarkən çoxlu suallar qarşıma çıxdı. Vətən nədir? Yurd nədir? Haradan, nədən, kimdən başlanır Vətən?
Qəlbimdən gələn sözlər sətirlərə düzüldü.
Vətən məndən, səndən, bizdən başlanır. Vətən doğulduğumuz yuvadan, boy atdığımız torpaqdan, küçədən, döngədən başlanır. Vətən qaçarkən yıxıldığımız, dizlərimizin sıyrıldığı, üz-gözümüzün əzildiyi çınqıl daşından başlanır. Vətən kollarından böyürtkən dərib yediyimiz, bənövşələri dərib sinəmizə taxdığımız, çaylarında, göllərində uşaq kimi oynadığımız, qarğı atımızı çapdığımız, ağaclarının budaqlarından sallandığımız ormanından başlanır. Vətən əvvəlcə evimiz, sonra küçəmiz, kəndimiz, şəhərimiz, ən sonda Vətənimiz dediyimiz andan başlanır. O an ki torpaq qoynunda böyütdüyü övladının qanı ilə - şəhid qanı ilə suvarılır. Vətən şəhidimin qanının töküldüyü, qoynuna sığındığı yerdən başlanır. Vətən şəhid qanının laləliyə çevirdiyi Lələtəpədə üçrəngli bayrağın sancıldığı yerdən başlanır. Vətən şəhidlərimizin geridə qoyduqlarının həsrətli gözlərindən başlanır. Mənim üçün Vətən şəhid xanımının dilindən süzülən “Vətənim sənsən” kəlməsindən başlanır. O kəlmə ki bir ömür boyu həsrətlə gözləyəcəyi əzizinin yanğısına su kimi səpiləcək. O kəlmə ki çətin gündə çiynini söykədiyi, sirrini bölüşdüyü əzizinin itkisinə mətanətlə dözərək qəlbindəki ağrıları ovudacaq.
Hər qarışı şəhid qanı ilə yoğrulan, şəhid qoxusu qoxuyan bu torpaq bizə ötürülən əmanətdir. “Torpaq, əgər uğrunda ölən varsa Vətəndir” demişlər babalarımız. Torpağı qoruyarsan, əzizləyərsən, uğrunda fədakarlığa hazır olarsan, Vətən olar.
Bu yurdun uğrunda, bu sevgili məmləkət naminə kimlər fəda olmadı ki... Şah babamızın miras qoyduğu Azərbaycan üçün necə canlar şəhid oldular. Raquflar, Asiflər, Şirinlər, Yaqublar, Pəncəlilər, Rasimlər, Ramizlər, Canpoladlar, Əbdülməcidlər, Müşfiqlər, Ziyalar, Muradlar, Samidlər, Təbrizlər daha kimlər, kimlər... Necə hərbçilər, komandirlər, oğullar, atalar, həyat yoldaşları... Hər biri bir elin, bir obanın arxa-dirəyi olan igidlər... Geridə qoyduqlarını düşünmədən ölümə atılan fədailər... Körpə balalarının gözündəki sevinci əbədi dondurub “Vətən sağ olsun” deyərək torpağın bağrına köçənlər...
Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir,
Nə də ulduzlar kimi parlayıb sönməməkdir.
Ölməzliyi düşünmək boşuna bir əməkdir,
Qəhrəmanlıq, vuruşub, bir daha dönməməkdir!
Onlar vuruşub dönməməyi seçdilər. Onlar bizə Vətəni sevməyi, sözdə yox əməldə göstərdilər. Şəhidlər bizə azadlığın verilmədiyini, alındığını sübut etdilər.
Bəlkə də, borcundan çıxmadım, Vətən!
Ömür bahar deyil, bir də qayıtsın.
Ölsəm də qoynunda qoy ölüm ki mən,
Çürüyüm bir ovuc torpağın artsın.
Şəhidlər tapdaladığımız bu qara torpağın müqəddəs olduğunu bizə anlatdılar. Şəhidlər düşmən əlində inləyən elin, obanın bağrı yaralı Qarabağın harayını bizə çatdırdılar. Şəhid komandir anasının əsirlikdə olan qəbrini ziyarət etməklə ana sevgisinin ucalığını bizə göstərdi. Ana olan yerdə ölümü də gözə almağın mümkün olduğunu bildirdi. Şəhidlər bizə ölümdən sonra da həyatın var olduğunu, yaşamağın mümkünlüyünü göstərdilər. Sanki bizə dedilər:
Basdığın yerləri “torpaq” deyərək keçmə, tanı,
Düşün altındakı minlərcə kəfənsiz yatanı.
Ey vətənimin mərd oğulları! Ey cənnət qoxulu şəhidim! Sizi düşünməmək olarmı? Sizi unutmaq olarmı? Unutsaq nələri unudaq gərək...
Keçmişimizi – Təbrizi, Zəngəzuru, Borçalını, 20 Yanvarı, Qarakənd faciəsini, Xocalını, Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, Zəngilanı, Qubadlını, Cəbrayılı, Xankəndini, 2016-nın aprelini unudaq gərək.
Haray çəkib gücüm yetdiyi qədər bağırmaq istəyirəm, duymayanlara eşitdirmək istəyirəm: “Axı mənim bütöv Vətənim vardı?! Parçalanmayan, hissə-hissə qoparılmayan məmləkətim vardı?! “Səndən qeyri biz hər şeyi bölə billik, səndən qeyri biz hamımız ölə billik – dediyimiz Azərbaycanımız, Qarabağımız vardı!”
Həyatına didərginlik yazılmış analarımızın laylası qulaqlarımda cingildəyir, sanki Qarabağa ağı deyir: Bir zamanlar musiqi beşiyi, gözəllər diyarı, mərd igidlər oylağı Qarabağım oy...
Bir vaxtlar haqqında “Külli Qarabağın abi – həyatı, nərmü-nazik bayatıdır, bayatı” deyilən yurdum oy...
Düşmən əlində əsir qalan, nalə çəkən elim oy...
Övladları pərən-pərən, uğruna canını qurban verən Raqufum, Şirinim, Asifim, Muradım, Qabilim, Vaqifim, Mehmanım oy, oy...
Yox.. Yox... Ağlama şəhid anası! Ağlama şəhid yadigarı! Bizə ağlamaq, unutmaq yaraşmaz. Bizim “bu gün gərək hər anımız Vətən desin”. Vətən desin ki, onu qoruyaq, uğrunda fədakarlığa hazır olaq. Düşmən sevinməsin ki, Qarabağımızı əsir alıb. Gec-tez biz Qarabağda üçrəngli bayrağımızı sancacağıq. Məhz bu inam bizi yaşadır, yeni işlər görməyə vadar edir.
Əgər bu gün Qarabağın əlimizdə olan kiçik bir kəndində Şuşanın saflığını, təmizliyini əks etdirən səslər – Qarabağ bülbülləri yetişirsə, demək ki, yol yaxındır. Tezliklə o bülbüllər Cıdır düzündə, Topxana meşəsində cəh-cəh vuracaqlar.
Əgər şəhid anası əlinə silah alıb, “mən də döyüşə hazıram” deyirsə, bu millətin qarşısında kimsə dura bilməz. Aprel döyüşlərində ordumuzun ən adlı-sanlı komandirləri öndə getmişdisə, əsgərlərini qorumaq üçün özünü qurban verən, əsgərini övladı kimi sevən komandirlərimiz vardırsa, düşmən qorxsa yaxşıdır. Əgər bu gün şəhid komandirin kiçik yaşlı oğlu yaralı oyuncaq əsgərini sağaltmaq üçün çalışırsa, deməli, bu millətin qəlbinin sevgisi, mərhəməti tükənməzdir. Əgər bu gün dövlət başçımız siyasi arenada mənfur erməniləri cavabı ilə çıxılmaz duruma salırsa, deməli, biz Varıq, yenilməzik. Biz gənclər dövlətimizlə bir olmalı, “Hər şey Vətən üçün” deməli, gücümüzü göstərməliyik.
Ona görə də:
Sən ey mənim mərd xalqım!
Qalx, qalx, qoy yer titrəsin məhvərindən!