"Əmanətə Sədaqət" təqaüd proqramının qalibləri ilə görüş keçirilib
09 sentyabr 2026 13:27:52
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Azərlotereya” ASC-nin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Əmanətə Sədaqət” layihəsi çərçivəsində təqaüd proqramının qalibi olan və bu il ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailə üzvləri üçün “Bilik Günü”nə həsr edilmiş tədbir keçirilib. İçərişəhərdə baş tutmuş tədbirdə tələbə adını qazanan 30 nəfərdən çox gənc səhər yeməyi süfrəsi ətrafında bir araya gəlib.
Tədbirdə “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud çıxış ediblər.
Çıxışlarda gənclərin əldə etdikləri nailiyyət yüksək qiymətləndirilib, onlara yeni başlayan tələbəlik həyatlarında uğurlar arzulanıb. Eyni zamanda şəhid ailələrinə göstərilən diqqət və dəstəyin, gənclərin təhsil və şəxsi inkişaf imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbir çərçivəsində, eyni zamanda, ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayaraq uğurlu nəticə göstərmiş şəhid övladları da çıxış ediblər. Onlar öz təəssüratlarını, gələcək təhsil və karyera planlarını bölüşüb, arzularını dilə gətiriblər. Tələbə adını qazanmış gənclər göstərilən diqqət və qayğıya görə təşkilatçılara minnətdarlıqlarını bildirərək, Vətənə və cəmiyyətə layiq mütəxəssislər olmaq üçün var gücləri ilə çalışacaqlarını vurğulayıblar.
Daha sonra “Əmanətə Sədaqət” layihəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. İştirakçılar xüsusi arzu lövhəsində diləklərini qeyd edərək xatirə fotosu çəkdiriblər.
Günün davamında iştirakçılar əməkdar mədəniyyət işçisi, məşhur aparıcı Rahib Azərinin rəhbərliyi ilə İçərişəhər turuna qatılıblar. Tur zamanı gənclər tarixi küçə və məkanlarla tanış olub, memarlıq abidələri, Azərbaycanın zəngin mədəni irsi və İçərişəhərin tarixi haqqında ətraflı məlumat əldə ediblər. Sonda tələbələrə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “Əmanətə Sədaqət” layihəsi artıq 5 ildir həyata keçirilir. Layihənin məqsədi vətən uğrunda canından keçmiş şəhidlərin övladlarının intellektual və emosional inkişafına dəstək olmaq, onların təhsil və sosial imkanlarını genişləndirmək, eləcə də yay tətilini maraqlı və səmərəli keçirmələrinə şərait yaratmaqdır.
Bu illər ərzində layihə 231 tələbəni əhatə edib. Onlardan 73-ü artıq məzun olub, bu il isə daha 37 gənc tələbə adını qazanıb.
Layihə çərçivəsində Azərbaycan, Türkiyə, Avstriya və Almaniyada gənclər üçün yay düşərgələri təşkil olunub. Düşərgələr zamanı iştirakçılar muzey və tarixi abidələrə, eləcə də müxtəlif bölgələrə səfərlər edib, karyera planlaması, şəxsi inkişaf, komanda işi və liderlik mövzularında təlimlərdə iştirak ediblər. Bununla yanaşı, gənclər üçün müxtəlif idman və intellektual yarışlar keçirilib.
Həmçinin “Əmanətə Sədaqət” layihəsi çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrində təhsil alan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, Azərbaycanda ali təhsil alan şəhid övladlarının isə yaşayış xərcləri qarşılanır.