BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Qardaşlıq körpüsü – Azərbaycan və Türkiyənin şəhid ailələri arasında əlaqələrin inkişaf etdirilməsi” layihəsi həyata keçiriləcəkdir.

15 may 2026 10:47:32

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Qardaşlıq körpüsü – Azərbaycan və Türkiyənin şəhid ailələri arasında əlaqələrin inkişaf etdirilməsi” layihəsi həyata keçiriləcəkdir.
Artıq 3-cü ildir ki təşkil olunan layihə 2026-cı ilin 2–6 iyun tarixlərini əhatə edir. Layihə çərçivəsində Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin nümayəndələri, həmçinin İstanbul şəhərində yaşayan şəhid ailələrinin üzvlərindən ibarət 25 nəfərlik heyət ölkəmizə səfər edəcəkdir.
Səfər proqramına heyətin Bakı, Xankəndi, Şuşa, Xocalı və Ağdam şəhərlərinə səfəri, Qarabağ Universitetinə və Xankəndidə yerləşən Zəfər Parkına ziyarəti daxildir. Layihə çərçivəsində iştirakçıların Yasamal Rayon ərazisində yaşayan şəhid ailə üzvləri ilə ortaq görüşü də nəzərdə tutulur. Həmçinin, 6 iyun tarixində işğaldan azad edilmiş Ağdam şəhərində hər iki ölkənin dövlət rəsmilərinin, mədəniyyət və ictimaiyyət nümayəndələrinin, eləcə də Qarabağda məskunlaşmış şəhid ailələrinin iştirakı ilə beynəlxalq konfransın təşkili planlaşdırılır.
Qeyd edək ki, “Qardaşlıq körpüsü – Azərbaycan və Türkiyənin şəhid ailələri arasında əlaqələrin inkişaf etdirilməsi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə elan etdiyi böyük qrant müsabiqəsinin qalibi olub.