BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladları İzmir şəhərində keçirilən IV TDT Kosmik Yay Düşərgəsində iştirak edirlər!

29 avqust 2025 14:19:53

Türk Dövlətləri Təşkilatı, Space Camp Türkiyənin təşkilatçılığı, Azərbaycan Kosmik Agentliyinin nəzdində fəaliyyət göstərən KOSMİK Akademiya, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Azərbaycan Hava Yolları" QSC-nin tərəfdaşlığı ilə orta məktəbdə təhsil alan şəhid övladları Türkiyənin İzmir şəhərində keçirilən IV TDT Kosmik Yay Düşərgəsində iştirak edirlər.
 
Kosmik Akademiya çərçivəsində şəhid övladları müxtəlif sahələr üzrə nəzəri və praktik təlimlərə qatılıblar. Onlar kosmik texnologiyalar, süni peyklərin iş prinsipləri, raket quruluşu və kosmosun tədqiqi ilə bağlı maraqlı təqdimatlarda iştirak ediblər. Simulyasiya otaqlarında kosmonavtların təcrübəsini yaşadan xüsusi proqramlar vasitəsilə real kosmos şəraitinə yaxın təlimlərdə iştirak ediblər. Bununla yanaşı, komanda quruculuğu oyunları və interaktiv seminarlar onların həm biliklərinin, həm də sosial bacarıqlarının inkişafına töhfə verib. Proqram çərçivəsində iştirakçılar Türk Kosmik Agentliyinin sədri Yusuf Kıraç ilə görüşərək kosmos sahəsində Türkiyənin nailiyyətləri, gələcək planları və gənclərin bu istiqamətdəki imkanları barədə ətraflı məlumat əldə ediblər.
 
Qeyd edək ki, düşərgənin məqsədi məktəblilərin elm və texnologiyaya marağını artırmaq, yaradıcılıq potensiallarını üzə çıxarmaq və müxtəlif ölkələrdən olan yaşıdları ilə mədəni əlaqələr qurmaqlarına şərait yaratmaqdan ibarətdir. Proqramın sonunda iştirakçılara Space Camp Türkiye tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikatlar təqdim olunacaq.