BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

"Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" layihəsi yekunlaşıb!

06 sentyabr 2025 10:07:05

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil etdiyi "Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" layihəsi sona çatıb.
 
Layihənin son günündə ölkəmizdə səfərdə olan Türkiyə nümayəndə heyətinin üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər. Onlar mərkəzin foyesində əl işlərindən ibarət sərgiyə baxıb, studiyalarda yaradıcılıq prosesini izləyiblər. Mərkəz üzvlərinin ifasında musiqi nömrələri təqdim olunub.
 
Qonaqlarla keçirilən görüşdə ƏƏSMN-in Aparatının rəhbəri Fuad Musayev ölkəmizdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlər barədə məlumat verib.
 
Daha sonra nümayəndə heyəti Türkiyə Respublikasının ölkəmizdəki Hərbi Atteşeliyində olub. Burada keçirilən səmimi görüş zamanı hərbi əməkdaşlıq və şəhid ailələrinə göstərilən diqqət və qayğı ətrafında fikir mübadiləsi aparılıb. Günün davammında qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edərək müasir Azərbaycanın inkişaf yolunu əks etdirən sərgilərlə tanış olublar. Onlara Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi, siyasi fəaliyyəti və Azərbaycanın müasir inkişafında oynadığı mühüm rol barədə ətraflı məlumat verilib.
 
Bununla yanaşı, gün ərzində Türkiyə şəhid ailələri nümayəndələri Bakının məşhur turistik məkanlarını gəziblər. Onlar paytaxtın tarixi ab-havası ilə yaxından tanış olub, mədəni irsimizi əks etdirən abidələr və görməli yerləri ziyarət ediblər.
 
Qeyd edək ki, 1-5 sentyabr 2025-ci il tarixlərində həyata keçirilən bu layihənin əsas məqsədi iki qardaş dövlətin – Azərbaycan və Türkiyənin – ortaq milli-mədəni dəyərlərini təbliğ etmək, həmçinin şəhid ailələri və ictimaiyyət nümayəndələri arasında əməkdaşlıq və dostluq mühitini möhkəmləndirməkdən ibarət olub.