Qəhrəman şəhidlərimizin tələbə övladları ilk dəfə Avropada!
22 iyul 2025 14:09:01
Tarixdə ilk dəfə olaraq, Azərbaycanın şəhid övladları Avropada – Avstriyada yay düşərgəsinə qatılır!
⠀
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı, “Azərlotereya” ASC, “Azərbaycan Hava Yolları” (AZAL) QSC və Azərbaycan Diasporuna Dəstək Fondunun tərəfdaşlığı ilə 28 iyul – 2 avqust 2025-ci il tarixlərində Avstriyanın Zalsburq və Vyana şəhərlərində “Əmanətə Sədaqət” Yay Düşərgəsi keçiriləcək.
⠀
Düşərgədə yerli və xarici universitetlərdə təhsil alan və yüksək akademik göstəricilərə malik 22 şəhid övladı iştirak edəcək.
Onlar karyera planlaması, şəxsi inkişaf, liderlik və motivasiya mövzularında peşəkar təlimlərə qatılacaq, Zalsburq Universitetində təcrübə mübadiləsi proqramında iştirak edəcək, həmçinin Avstriya mədəniyyətini yaxından tanıyacaq və tarixi bölgələrə maarifləndirici səfərlər edəcəklər.
⠀
Layihənin əsas məqsədi – şəhid övladlarının intellektual, emosional və sosial inkişafına dəstək olmaq, onların fərdi potensiallarını üzə çıxarmaq və beynəlxalq təcrübə qazanmalarına şərait yaratmaqdır.
⠀
Azərbaycanın diaspora təşkilatları ilə əməkdaşlıq çərçivəsində keçirilən ilk yay düşərgəsi olan bu layihə, həm xaricdəki soydaşlarımızın şəhid övladlarına verdiyi dəyəri, həm də Azərbaycan xalqının bölünməz milli birliyinin bariz göstəricisidir.