"Türk Dünyasının Şəhid Ailələri arasında Əlaqələrin İnkişafı" layihəsinə start verilib!
17 iyul 2025 14:00:18
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi “Türk Dünyasının Şəhid Ailələri arasında Əlaqələrin İnkişafı" layihəsinin icrasına başlayıb.
İctimai Birliyin sədri Sevinc Orucova bildirib ki, layihənin məqsədi Türk dünyası ölkələri arasında ortaq dəyərlərin və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, qardaş xalqların şəhid ailələri arasındakı münasibətlərin daha da yaxşılaşdırılmasına dəstək göstərməkdir.
2025-ci ilin 1-5 sentyabr tarixlərində həyata keçiriləcək lahiyə çərçivəsində Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin təmsilçiləri və şəhid ailələri üzvlərindən ibarət 20 nəfərlik heyət ölkəmizə səfər edəcək. Səfər çərçivəsində heyətin Bakı, Xankəndi, Şuşa, Xocalı və Ağdam şəhərlərinə səfəri, Qarabağ Universitetinə və Qobustanda yerləşən Palçıq Vulkanları Turizm Kompleksinə ziyarəti nəzərdə tutulur. Həmçinin 4 sentyabr tarixində Nizami Kino Mərkəzində hər iki ölkənin dövlət rəsmilərinin, mədəniyyət və ictimaiyyət nümayəndələrinin, şəhid ailələrinin iştirakı ilə beynəlxalq konfransın təşkili planlaşdırılır.
Təşkilatın ofisində baş tutan layihənin hazırlıq iclasında layihənin işçi heyətinin üzvləri ilə görüş keçirilib, layihə çərçivəsində imzalanacaq müqavilələr, hazırlanacaq çap məhsulları və ümumilikdə layihənin icrası ilə bağlı görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə elan etdiyi qrant müsabiqəsinin qalibi olan eyniadlı layihəsi çərçivəsində Şimali Kipr Türk Respublikasının dövlət rəsmiləri, ictimaiyyət xadimləri və şəhid ailələrindən ibarət olan 20 nəfərlik heyət ölkəmizdə səfərdə olub. Bu layihənin davamı olaraq 2024-cü ilin iyul ayında orta və ali məktəblərdə təhsil alan 30 şəhid övladı üçün ŞKTR-da “Yay Məktəbi” təşkil olunub.
Qeyd edək ki, “Türk Dünyasının Şəhid Ailələri arasında Əlaqələrin İnkişafı" layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə elan etdiyi qrant müsabiqəsinin qalibidir.