Şəhid övladlarının “Məzun günü” keçirilib!
12 iyun 2025 13:52:10
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi və “Stereohall” konsert mərkəzinin tərəfdaşlığı ilə 11 iyun tarixində bu il orta məktəbi müvəffəqiyyətlə bitirərək məzun olan şəhid övladları üçün “Məzun günü” tədbiri təşkil olunub.
Dövlət himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirin açılış nitqində çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova orta məktəbi müvəffəqiyyətlə başa vuran şəhid övladlarının hər birini təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb. O, qeyd edib ki, “Həyatınızın hər mərhələsində biz sizin yanınızda olmağa davam edəcəyik.”
Tədbirdə iştirak edən millət vəkilləri Mehriban Vəliyeva, Fatma Yıldırım, Ceyhun Məmmədov, Tahir Mirkişili və Nigar Məmmədova çıxışlarında məzun olan gənclərə xoş arzularını çatdıraraq, onların təhsil nailiyyətlərini yüksək qiymətləndiriblər. Təhsilin İnkişafına Dəstək Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov da çıxışında şəhid övladlarına göstərilən diqqət və qayğını hər bir vətəndaş üçün mənəvi məsuliyyət adlandırıb.
Daha sonra tədbir bədii hissə ilə davam edib. Azərbaycan Respublikasının Xalq artisti Miri Yusif, tanınmış müğənni Sevinc Ağasıyeva, “Star Band” qrupu və DJ China öz ifaları ilə məzun şəhid övladlarına duyğu dolu və əyləncəli anlar yaşadıblar.