Kərim Kərimovun gizli fəaliyyəti
29 mart 2020 12:40:50
Vaxtilə ən mühüm strateji dövlət orqanlarından birinə rəhbərlik etməsinə baxmayaraq onun adı və siması uzun müddət ictimaiyyətdən gizli saxlanılıb. O, 1987-ci ildən sonra, necə deyərlər, üzə çıxıb. Söhbət görkəmli alim-konstruktor, SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri olmuş general-leytenant Kərim Kərimovdan gedir.
29 mart tarixi bu əfsanəvi insanın ölüm tarixidir.
Zəfər.Az Modern.az-a istinadən Kərim Kərimov haqqında yazını təqdim edir.
Keçmiş SSRİ-nin bütün kosmik gəmilərinin heyətlərini K.Kərimov şəxsən özü kosmosa göndərirdi. Kosmodromda kosmik heyətlər uçuşa hazır olmaları və uçuşun uğurla başa çatması haqqında məruzələri şəxsən ona edirdilər. Həmin məruzə və hesabatların efirə verildiyi telereportajlarda heç kim K.Kərimovun üzünü görməzdi, onun ancaq kürəyini göstərərdilər. Uzun müddət kimliyi gizli saxlanılmış Dövlət Komisiyası sədrinin şəxsiyyəti barədə «Pravda» və «Sovetskaya Rossiya» qəzetlərinin 1987-ci ildə məlumat verməsindən sonra o, bütün azərbaycanlıların fəxrinə çevrildi.
Kərim Kərimov 1917-ci il noyabrın 14-də Bakıda mühəndis-texnoloq Əli Kərimovun ailəsində doğulub. Atası neft sənayesində işləyib, anası isə evdar qadın olub. Həyat onu lap kiçik yaşlarından çətin sınaqlara çəkib. 1925-ci ildə orta məktəbin birinci sinfinə qəbul olunan balaca Kərimin sevinci uzun sürməyib, elə həmin il onun anası vəfat edib. Beləcə ana nəvazişindən birdəfəlik məhrum olan Kərimi atası tərbiyə edib, böyüdüb boya-başa çatdırıb.
Orta məktəbi bitirdikdən sonra K.Kərimov Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) energetika fakültəsinə daxil olub. O, institutda oxuyarkən evlənib, ailəsini dolandırmaq üçün isə işləmək məcburiyyətində qalıb. 1942-ci ildə institutu bitirən K.Kərimov Artilleriya Akademiyasına daxil olub. Bununla da onun gələcək həyat yolu kosmik-raket sistemlərinin yaradılması ilə bağlanıb.
1943-cü ildə akademiyanı mühəndis diplomu və böyük texnik-leytenant rütbəsi ilə bitirib. Kərim Kərimov akademiyadan sonra öz hərbi xidmətini yerinə yetirmək üçün Moskvadakı «Katyuşa» reaktiv mərmiləri buraxan zavodda çalışıb. II Dünya Müharibəsi illərində məşhur «Katyuşa» və ona uyğun mərmilərin hazırlanmasında göstərdiyi mühüm xidmətlərə görə Sovet hökuməti ona «Qırmızı ulduz» ordeni verib. Müharibə qurtarana kimi K.Kərimova öz ailəsini Moskvaya gətirməyə icazə verməyiblər, bu, ancaq 1945-ci ildə mümkün olub. Müharibə qurtarandan sonra onu hərbi sistemdən tərxis etməyiblər. Bu məşhur soydaşımız düz 20 il SSRİ Müdafiə Nazirliyinin mərkəzi aparatında müxtəlif vəzifələrdə işləyib, böyük mühəndislikdən Kosmik Vasitələr İdarəsinin rəisi vəzifəsinədək yüksəlib.
Kərim Kərimovun kosmik raket texnikasının inkişaf etdirilməsində misilsiz xidmətləri olub. Ötən əsrin 50-60-cı illərində kosmosa uçuşların intensivləşməsində və süni peyklərin yaradılmasında o, bir alim kimi həmişə ön sırada olub. 1961-ci ildə insanın kosmosa ilk uçuşu münasibəti ilə K.Kərimov Lenin ordeni ilə təltif edilib və ona general-mayor hərbi rütbəsi verilib. 1965-ci ildə etibarən general K.Kərimov SSRİ-nin Ümumi Maşınqayırma Sənayesi Nazirliyinin Baş Kosmik Vasitələr İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Onun rəhbərlik etdiyi idarəyə bütün daşıyıcı raketləri və kosmik aparatları düzəldən konstruktor büroları və zavodlar tabe idi. 1966-cı ildə ildə isə ölkə rəhbərliyi general K.Kərimovu kosmik gəmilərin uçuş sınaqları üzrə Dövlət Komissiyasının sədri vəzifəsinə təyin edib. Unikal biliyə malik olan həmyerlimiz fasiləsiz olaraq 25 il bu məsul vəzifədə çalışıb.
1967-ci ildə «Soyuz» kosmik gəmilərinin birinci avtomatik birləşməsinin uğurla həyata keçirilməsi münasibəti ilə K.Kərimova general-leytenant rütbəsi verilib. 1979-cu ildə isə orbital stansiyalarda beynəlxalq uçuşlar silsiləsinin müvəffəqiyyətlə həyata keçirilməsi münasibətilə ona Dövlət mükafatı təqdim olunub. Hər dəfə kosmik uçuşlara, o cümlədən aya və başqa planetlərə kosmik raketlərin göndərilməsi haqda sonuncu qərarı məhz o qəbul edirdi. 1987-ci ildə general-leytenant K.Kərimov çoxmodullu «Mir» stansiyasının yaradılması, beynəlxalq ekipajların uçuşlarını həyata keçirməsi və anadan olmasının 70 illiyi münasibəti ilə ikinci dəfə Lenin ordeni ilə təltif edilib.
Qeyd etmək lazımdır ki, kosmik fəzanın tədqiq edilməsi məqsədi ilə güclü «Soyuz» raket daşıyıcılarının yaradılması, «Salyut» orbital stansiyasının qurulması bilavasitə K.Kərimovun rəhbərliyi altında həyata keçirilib. Məhz bu layihənin davamı kimi, kosmik fəzada çoxmodullu «Mir» orbital stansiyası yaradılıb.
1991-ci ildə təqaüdə çıxan Kərim Kərimov ömrünün sonunadək Rusiyada Uçuşu İdarəetmə Mərkəzində məsləhətçi vəzifəsində çalışıb.
Bütün əmək fəaliyyəti Moskva ilə bağlı olan Kərim Kərimov doğma Vətəni Azərbaycanla əlaqəsini kəsməyib, 1978-ci ildən sonra fəaliyyətə başlayan Azərbaycan Milli Aerokosmik Agentliyinin kollektivnə dəyərli tövsiyə və məsləhətləri ilə yaxından kömək edib. K.Kərimovun Azərbaycan Respublikasında kosmik elm və texnologiyanın inkişafında misilsiz əməyi nəzərə alınaraq görkəmli alimi Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçmişdilər.
Mərhum eks-prezidenti Heydər Əliyevin fərmanı ilə isə o, «Şərəf» Ordeni ilə təltif edilib. 2007-ci ilin noyabrında Azərbaycan respublikasının Prezidenti İlham Əliyev Kərim Kərimovun anadan olmasının 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə sərəncam imzalayıb.
«Kosmosa gedən yol» avtobioqrafik kitabın müəllifi olan dünya şöhrətli alim 2003-cü il avqustun 29-da dünyasını dəyişib və Moskavada dəfn edilib.