Şəhid övladlarının Şimali Kiprdəki “Yay Məktəbi”nin növbəti günü maraqlı təlimlər və əyləncələrlə davam edib!
23 iyul 2024 10:32:38
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı ilə orta və ali təhsil müəssisələrində təhsil alan 30 nəfər şəhid övladı üçün Şimali Kipr Türk Respublikasında təşkil olunan “Yay Məktəbi”nin növbəti günündə iştirakçılar “Mon Art” rəsm və heykəl sərgisini ziyarət ediblər. Sərginin müəllifi, Girne Amerikan Universitetinin təsisçisi Memduh Erdalın həyat yoldaşı Sevim Erdal şəhid övladları ilə görüşərək onları Şimali Kiprdə görməkdən çox şad olduğunu bildirib.
Daha sonra “Yay Məktəbi” iştirakçıları “Mon Art” sərgisinin emalatxanasında dulusçuluqla məşğul olaraq özləri üçün xatirə hədiyyələri hazırlayıblar.
Günün ikinci yarısında isə şəhid övladları Girne şəhərindəki istirahət mərkəzlərindən birində boulinq oyunu oynayaraq əyləncəli vaxt keçiriblər.
Qeyd edək ki, “Yay Məktəbi” 28 iyul tarixində yekunlaşacaq.