Şəhid övladları Kipr qaziləri ilə bir araya gəldi!
20 iyul 2024 10:27:14
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı ilə orta və ali təhsil müəssisələrində təhsil alan 30 nəfər şəhid övladı üçün Şimali Kipr Türk Respublikasında təşkil olunan “Yay Məktəbi”nin növbəti günündə iştirakçılar Kipr Sülh Əməliyyatının 50-ci ildönümü münasibətilə 174 Kipr qazisi ilə birlikdə Lefkoşada səfərdə olan Türkiyənin Cümhuriyyət Xalq Partiyasının idarə heyəti üzvləri ilə görüşüblər. Partiyanın hazırki sədri Özgür Özəl, keçmiş sədrlər Murat Karayalçın, Hikmət Çətin və digər bir sıra mühüm idarə heyəti üzvlərindən ibarət nümayəndələr həm Azərbaycandan olan şəhid övladları ilə, həm də Kipr əməliyyatı qaziləri ilə bir araya gəliblər.
Görüşdə çıxış edən Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova qardaş xalqlarımız arasındakı münasibətlərin inkişafı baxımından bu tip görüşlərin əhəmiyyətli olduğunu qeyd ediblər. Həmçinin Cümhuriyyət Xalq Partiyası rəsmiləri bir daha həm Kipr türklərinə, həm də Azərbaycan xalqına öz haqlı mübarizələrində dəstək verməyə davam edəcəklərini vurğulayıblar.