“Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində IV Yay Düşərgəsi başa çatıb!
11 avqust 2024 10:03:23
Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Qazaxıstanın Türküstan vilayətində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin birgə təşkil etdiyi IV Yay Düşərgəsi başa çatıb.
Qazaxıstanın Türküstan vilayətində baş tutan düşərgədə iştirakçılar 1 həftə boyunca yeni təlimlər, interaktiv oyunlar və master klasslarda iştirak edərək öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Qazaxıstana ilk dəfə səfər edən düşərgə iştirakçıları Şimkənd və Türküstanın tarixi və mədəniyyəti ilə yaxından tanış olub, ağacəkmə aksiyası keçiriblər. Həmin şəhərlərdə yaşayan azərbaycanlı ailələrin evlərində qonaq olan şagirdlər Şimkənd şəhərinin Şimqala Tarixi-Mədəniyyət Qoruğunu və Türküstan vilayətinin Tarix Diyarşünaslıq Muzeyini, Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetini ziyarət ediblər.
Daha sonra şagirdlər Türküstan şəhərinin “Məktəblilər sarayı”nda olublar. Düşərgə iştirakçılarını səmimi salamlayan sarayın rəhbəri İndira Akapova belə bir gözəl layihənin keçirilməsində əməyi keçən hər kəsə təşəkkür edib və gələcəkdə birgə əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb.
Düşərgə konsert proqramı ilə başa çatıb.
Qeyd edək ki, düşərgədə Qazaxıstanın Türküstan vilayətində fəaliyyət göstərən “Qarabağ” Etnomədəni birliyinin “Həftəsonu Qarabağ məktəbi”ndən 10 və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası zamanı müxtəlif vaxtlarda şəhid olmuş qəhrəmanlarımızın 10 övladı iştirak edib. Düşərgə “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azərbaycandan Yaşıl Dünya Naminə” devizi altında təşkil edilib.