Naxçıvanda yaşayan şəhid ailələri ilə görüş keçirilib!
02 iyul 2024 10:30:54
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 1-2 iyul 2024-cü il tarixlərində Naxçıvan Muxtar Respublikasında yaşayan şəhid ailələri ilə görüşlər keçirilib.
Səfərin ilk günündə Naxçıvan Şəhid Xiyabanı ziyarət olunub və Vətən uğrunda qəhrəmancasına canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad edilib. Daha sonra Naxçıvanda yaşayan şəhid ailələrini birləşdirən ictimai təşkilat rəhbərləri ilə, həmçinin Naxçıvan Qazilər Birliyi ilə görüş keçirilib.
Günün davamında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb. Görüş zamanı gələcək qarşılıqlı əməkdaşlıq fəaliyyətləri istiqamətində fikir mübadiləsi aparılıb.
Günün ikinci yarısında isə Naxçıvan Muxtar Respublikasında yaşayan 2016-cı ilin Aprel döyüşləri şəhidi leytenant Qabil Orucəliyev, Vətən Müharibəsi şəhidləri mayor Sadiq Həsənov, baş leytenant Sahil Məmmədov, kiçik çavuş Tağı Abdullazadə və Antiterror əməliyyatı zamanı şəhid olan baş leytenant İbrahim Qasımovun ailələri ziyarət olunub.
Səfərin ikinci günündə isə Babək rayonunda yaşayan Vətən müharibəsi şəhidləri leytenant Fərmin Əliyev, gizir Etibar Cəfərov, gizir Ümid Novruzlu, Antiterror əməliyyatları zamanı şəhid olan gizir Vaqif Rəcəbov və 2015-ci ildə sərhəd toqquşması zamanı şəhid olan baş leytenant Orxan Quliyevin ailələri ziyarət olunub.