"Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" layihəsinə başlanılıb!
21 may 2024 12:25:14
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil etdiyi "Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" layihəsinin icrasına başlanılıb.
Layihə çərçivəsində bu gün - 21 may 2024-cü il tarixində Şimali Kipr Türk Respublikasının (ŞKTR) dövlət rəsmiləri, ictimaiyyət xadimləri və şəhid ailələrindən ibarət olan 20 nəfərlik heyətin Azərbaycana səfəri başlayıb. ŞKTR nümayəndə heyəti ilk öncə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər. Daha sonra Şəhidlər xiyabanı və "Türk şəhidliyi" abidəsini ziyarət edən nümayəndə heyəti Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizi dərin ehtiramla yad ediblər.
Daha sonra ŞKTR nümayəndə heyəti Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisini ziyarət edərək Agentlik rəhbərliyi ilə görüşüblər. Görüşün sonunda ölkəmizdə səfərdə olan qonaqlara Azərbaycanın milli atributlarını özündə əks etdirən xatirə hədiyyələri təqdim olunub.
Günün sonunda ŞKTR nümayəndə heyəti üçün Bakı şəhərinin mərkəzinə gəzinti təşkil olunub. Gəzinti zamanı qonaqlar Dənizkənarı Bulvar və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər.
Qeyd edək ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil etdiyi "Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" layihəsi çərçivəsində Şimali Kipr Türk Respublikasından olan 20 nəfərlik heyət 21-24 may tarixlərində ölkəmizdə səfərdə olacaqlar.