BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

"Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" layihəsinə start verilib!

13 may 2024 17:51:16

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin "Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsində böyük qrant kateqoriyası üzrə qalib elan olunub. Layihənin əsas məqsədi Türk dünyası ölkələri arasında ortaq dəyərlərin və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, ən əsası da qardaş xalqların şəhid ailələri arasındakı münasibətlərin daha da yaxşılaşdırılmasından ibarətdir.

 

Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunacaq lahiyə çərçivəsində 21-24 may 2024-cü il tarixlərində Şimali Kipr Türk Respublikasından (ŞKTR) olan 20 nəfərlik heyət Azərbaycan Respublikasına səfər edəcək. ŞKTR dövlət rəsmiləri, ictimaiyyət xadimləri və şəhid ailələrindən ibarət olan heyət səfər zamanı Bakı və Şamaxı şəhərlərini, həmçinin işğaldan azad olunan Qarabağ bölgəsini ziyarət edəcəklər. Həmçinin 22 may tarixində “Badamdar Hotel”də hər iki ölkənin dövlət rəsmilərinin, mədəniyyət və ictimaiyyət nümayəndələrinin və şəhid ailələrinin iştirakı ilə böyük konfrans keçiriləcək.

 

Təşkilatın ofisində baş tutan layihənin hazırlıq iclasında layihənin işçi heyətinin üzvləri ilə görüş keçirilib, layihə çərçivəsində imzalanacaq müqavilələr, hazırlanacaq çap və reklam məhsulları, ŞKTR tərəfi ilə imzalanacaq əməkdaşlıq protokolları və ümumilikdə layihənin icrası ilə bağlı görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, bu layihənin davamı olaraq "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə ŞKTR-da yerləşən "Amerikan Girne Universiteti" və "Şimali Kipr İstanbul Texniki Universiteti" arasında imzalanacaq əməkdaşlıq protokollarına əsasən bu ilin iyul ayında ölkəmizin orta və ali məktəblərində təhsil alan şəhid övladları üçün ŞKTR-da fəaliyyət göstərən adıçəkilən universitetlərdə "Yay Məktəbi" təşkil olunacaq.