BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Ədibin Evin”ndə Qarabağ Qəhrəmanları övladlarının Bahar Görüşü

25 mart 2024 09:56:52

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Qarabağ müharibəsi qəhrəmanlarının övladları “Ədibin Evi”ni ziyarət ediblər.
 
Bahar bayramı tətili çərçivəsində baş tutan ziyarət zamanı şəhid hərbçilərimizin övladları “Novruz ənənələrimiz” adlı görüşdə iştirak ediblər. Onlar İçərişəhərdəki “Ədibin Evi”ndə 1929-1940-cı illərdə yaşayan görkəmli Azərbaycan yazıçısı, alimi və pedaqoqu Mir Cəlalın həyat və yaradıcılığı ilə tanış olub, bayram fəslində geniş istifadə olunan şifahi xalq ədəbiyyatımızın “bayatılar” janrı barədə öyrənib, hətta özlərini Novruz bayatıları yarışında da sınayıblar.
 
Görüşü aparan “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva vurğulayıb ki, Qarabağ müharibəsi qəhrəmanları Vətən uğrunda canlarından keçərək müstəqil Azərbaycanın tarixində rəmzi olaraq yeni “bahar” fəslinin əsasını qoyublar və müstəqilliyini hər qarış torpağında bərpa edən Azərbaycan bundan sonra tarixinin daha bir uzun çiçəklənmə mərhələsinə başlayıb.
 
Uşaqlar Novruz ənənələri barədə müzakirə aparıb, milli kimliyimizin əksi olan bu bayramın rəmzlərinin təbiətdəki mənasını araşdırıb, yazı qabiliyyətlərini inkişaf etdirmək üçün birlikdə “Bahar Nağılı” mövzusunda çalışma ediblər.