BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid ailə üzvlərinin əsərlərindən ibarət "Rəsm və əl işləri sərgisi" keçirilib!

05 fevral 2024 10:40:26

4 fevral tarixində Xətai Sənət Mərkəzində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, “Sağlamlığın Qorunması” İctimai Birliyi və “Sara Xatun” Mədəni Maarifçilik İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclər Günü”mə həsr olunan Rəsm və əl işləri sərgisi keçirilib.

 

Sərginin keçirilməsində əsas məqsəd gənclərin sənətkarlığa marağının artırılması, onların istedad və bacarıqlarının üzə çıxarılması, tədbirlərdə və layihələrdə iştirakının dəstəklənməsi, habelə cəmiyyətdəki fəallığının təmin edilməsindən ibarət olub.

 

Sərgidə gənc rəssamlar Lalə Hüseynzadə, Leyli Abbasova, Gülanə Qasımlı, Şəfa Əsgərova, Arzu Zeynalova, Aysu Əsgərli, Aydan Poladovanın rəsm əsərləri, Aytac Həsənova, Salatın Qasımova və Nuranə Hacıyevanın isə əl işləri sərgilənib.

 

Eyni zamanda sərgidə şəhid övladlarının da əl işləri və rəsmləri nümayiş olunub.

 

Sərgini giriş sözü ilə "Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyeva açıq elan edərək, sərginin keçirilmə məqsədindən, ictimai birlik tərəfindən həyata keçirilən bu tədbirlərin mütəmadi xarakter daşımasından bəhs edib. O, ölkəmizdə yaradıcı gənclərə göstərilən dövlət qayğısından söhbət açaraq belə sərgilərin gənclərimizin istedadının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

 

Tədbirdə çıxış edən  “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin sədri Sevinc Orucova, "Sara Xatun" Mədəni Maarifçilik İB-nin sədri Pərvanə Mustafayeva, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Helmi Abbasbəyli, əməkdar artist Nuriyyə Hüseynova, şairə-həkim Rəfiqə Abbasova, şairə Aybəniz Qaragilə, şair Gəray Göyyurd, şəhid ailələri və digər qonaqlar gənclərin fəaliyyətini yüksək qiymətləndirib, onlara yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıblar.

 

Sonda rəssamlar və əl işləri nümayiş olunan gənclər “Gənclər gününə həsr olunmuş” Rəsm və əl işləri sərgisində fəal iştiraklarına görə təltif ediliblər.