Qarabağ müharibəsi qəhrəmanlarının övladları “Ədibin Evi”ni ziyarət ediblər!
08 yanvar 2024 09:38:50
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan hərbçilərimizin övladları qış tətilində "Ədibin Evi"ni ziyarət ediblər. Burada onlar üçün keçirilən “Yaradıcı təfəkkürümüzü inkişaf etdirək” adlı seminarda məktəblilər İçərişəhərdəki “Ədibin Evi”ndə 1929-1940-cı illərdə yaşayan görkəmli Azərbaycan yazıçısı, alimi və pedaqoqu Mir Cəlalın həyat və yaradıcılığı ilə tanış olub, Azərbaycan ədəbiyyatında hekayə janrı barədə müzakirə aparıb, özlərini kiçik hekayə yazılışında sınayıblar.
Seminarı aparan “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva vurğulayıb ki, məktəblilərin valideynləri Vətən uğrunda canlarından keçərək müasir Azərbaycanın ən şanlı tarixi hekayəsini yazdılar. Yeni tariximizin uğurlarını davam etdirmək missiyası indi onların övladlarına keçir. Məktəblilər bu il Azərbaycanın həyatında baş verəcək əhəmiyyətli hadisə - iqlim dəyişikliyinə həsr edilən mötəbər COP29 beynəlxalq tədbiri barədə də öyrənib, prezident İlham Əliyevin 2024-cü ili elan etdiyi “Yaşıl dünya naminə həmrəylik” barədə müzakirə aparıblar.
Seminar iştirakçıları qruplara bölünərək Çin təqvimi ilə bu ilin rəmzi olan “Əjdaha” barədə məzəli hekayə və illustrasiyalar üzərində işləyiblər. Bütün iştirakçılar “Ədibin Evi”ndən xatirə hədiyyələri ilə ayrılıblar.