BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

2023-cü il ərzində "Zəfər" İB tərəfindən keçirilən anım tədbirləri!

29 dekabr 2023 15:02:50

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 2023-cü il ərzində şanlı Azərbaycan Ordusunun zəfərlərinə və Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinə həsr olunan bir sıra tədbirlər həyata keçirilib.

 

8 yanvar tarixində Azərbaycan Dövlət Filarmoniyasının təşkilatçılığı, Mədəniyyət nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin doğum xatirəsi doğum günündə anılıb. Tədbirdə Müdafiə nazirliyinin rəsmi heyəti, millət vəkili, şəhid ailələrinin üzvləri, mədəniyyət və ictimaiyyət nümayəndələri, KİV iştirak edib. Tədbir zamanı qəhrəman pilotun həyatı və döyüş yolundan bəhs edən qısa film nümayiş olundu.

 

22 fevral tarixində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan İlahiyyat İnstitunun tərəfdaşlığı ilə Vətən müharibəsi şəhidi polkovnik-leytenant Mehman Şirvanovun xatirəsinə həsr olunan “Qəhrəmanlar unudulmur” adlı tədbir təşkil olunub. Tədbirdə İctimai TV-nin şəhid polkovik-leytenant Mehman Şirvanova həsr olunan “Murovun Mehmanı” adlı filmin və yazıçı Pərvanə Mehmanqızının qələmə aldığı şəhidimizin həyat yolundan bəhs edən “Ölməz Qəhrəman” adlı kitabın təqdimatı keçirilib.

 

Aprelin 4-də Heydər Əliyev Sarayında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, Azərbaycan Televiziyasının (AzTV) media tərəfdaşlığı ilə Aprel döyüşlərinin növbəti ildönümünə həsr olunmuş "Ümid Günəşi" adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, şəhid ailələri və qazilər, ziyalılar, gənclər təşkilatlarının təmsilçiləri, könüllü gənclər, tələbələr, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Tədbir şəhid övladlarının təntənəli səhnəyə gəlişi və bütün iştirakçıların əhatəsində onların “Qəhrəman övladıyıq” adlı xor ifası və Xalq artisti Teyyub Aslanovun “Vəhdət” mahnısının ifası ilə yekunlaşıb.

 

21 iyul tarixində "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Yevlax şəhərində Bəşir Səfəroğlu adına Xalq Teatrının səhnəsində şəhid polkovnik-leytenant Soltan Məmmədovun xatirəsinə həsr olunmuş "Qəhrəmanlar Unudulmur" adlı anım tədbiri keçirilib. Tədbir zamanı şəhid polkovnik-leytenantın döyüş yolu haqqında məlumatları özündə əks etdirən, sözləri və musiqisi şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı, Bakı Musiqi Akademiyasının professoru Könül xanım Hüseynovaya məxsus olan "Yuxunda görmüsən" adlı mahnının video klipinin təqdimatı baş tutub.

 

20 oktyabr tarixində "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Bakı şəhərində yerləşən Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Ramiz Qasımovun xatirəsinə həsr olunmuş "Qəhrəmanlar unudulmur" adlı anım tədbiri keçirilib. Tədbir zamanı yazıçı Sabir Arazlı Özgünün müəllifi olduğu şəhid polkovnik-leytenant Ramiz Qasımovun həyatına həsr edilmiş "Dəmir Qanadlı Qəhrəman" kitabının təqdimatı keçirilib.

 

27 oktyabrda "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin əziz xatirəsinə ithaf olunmuş "Vətən Qəhrəmanı" adlı mahnı və klipin təqdimat mərasimi keçirilib. Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, millət vəkilləri Ceyhun Məmmədov, Aqil Məmmədov və Sahib Alıyev, mədəniyyət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları, həmçinin KİV nümayəndələri iştirak ediblər.

 

Noyabrın 6-da "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Baku Marriott Hotel Boulevard” otelində 8 noyabr – şanlı Zəfər gününə həsr olunmuş “Zəfər Sədası” adlı tədbir keçirilib. Tədbirdə millət vəkilləri, mədəniyyət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları, həmçinin KİV nümayəndələri iştirak ediblər.

 

7 noyabr tarixində Azərbaycan Tibb Universitetində "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 7 noyabr tarixində yazıçı-publisist Ramilə Qurbanlının müəllifi olduğu Vətən müharibəsində şəhid olan hərbi tibb qulluqçularına ithaf edilən “Şəhid həkimlər” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli, mədəniyyət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, həmçinin KİV nümayəndələri iştirak ediblər.

 

30 noyabrda "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan İlahiyyat İnstitutunda Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid baş giziri Camal İsmayılovun xatirəsinə həsr olunmuş "Əbədi qəhrəmanlar" adlı anım tədbiri keçirilib. Tədbirdə Azərbaycan İlahiyyat Universitetinin rektoru Aqil Şirinov, millət vəkilləri Sabir Rüstəmxanlı və Aqil Abbas, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov, mədəniyyət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları, həmçinin KİV nümayəndələri iştirak ediblər.