BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

III “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış Düşərgəsi başa çatıb!

28 dekabr 2023 10:50:19

Azərbaycan Diasporuna Dəstək Fondu ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin 21-27 dekabr 2023-cü ildə birgə təşkil etdiyi III “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış Düşərgəsi yekunlaşıb.
 
Düşərgənin sonunda Fond tərəfindən iştirakçılara hədiyyə və sertifikatlar təqdim edilib.
 
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş düşərgədə Qazaxıstanda fəaliyyət göstərən həftəsonu “Qarabağ” məktəbinin şagirdləri ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası zamanı müxtəlif vaxtlarda şəhid olmuş qəhrəmanlarımızın övladları iştirak ediblər.
 
Bir həftə ərzində şagirdlər maraqlı və unudulmaz zaman keçiriblər. Əvvəlcə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edən iştirakçılar daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu və Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Bir çox məşhur simalar - Miri Yusif, Rafael İsgəndərov, Tural Salmanov, Hacı Əliyev və "Star Band" qrupu düşərgəyə qonaq qismində qatılıblar. “Qarabağ” futbol klubunun bazasında olan düşərgə iştirakçıları futbolçularla və komandanın baş məşqçisi Qurban Qurbanovla görüşmək və şəkil çəkdirmək imkanı əldə ediblər. Düşərgənin 5-ci günündə isə “Amburan Mall”da yerləşən “Cinema Plus”da və “Sea Breeze Resort” istirahət mərkəzində onlar üçün hazırlanmış əyləncəli proqramda iştirak ediblər.
 
Xatırladaq ki, layihənin ideya müəllifi “İsveçrədəki Azərbaycanlıların Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirovdur. O, düşərgədə təlimçi qismində də iştirak eşdib.
 
Layihənin icrasına ötən ildən başlanılıb. Layihə çərçivəsində İsveçrədə fəaliyyət göstərən həftəsonu məktəbinin şagirdləri ilə məcburi köçkün və şəhid ailələrinin övladları 18-24 iyul 2022-ci ildə Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində təlimlər keçiblər. 7-13 avqust 2023-cü ildə isə düşərgənin 2-ci hissəsi İsveçrədə keçirilib. Düşərgənin növbəti mərhələsinin Qazaxıstanda keçirilməsi nəzərdə tutulur.
 
III “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış Düşərgəsinin tərəfdaşları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və onun “XƏZRİ” istirahət və sağlamlıq mərkəzi, “Sirab” ASC, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Heydər Əliyev Mərkəzi, “Cinema Plus”, “Sea Breeze Resort” istirahət mərkəzi və “Vətən Mərdəkan” restoranı olub.