Təşkilatımız “Bərabər İnkişaf Naminə” koalisiyaya qoşuldu!
27 dekabr 2023 14:26:47
Dekabrın 26-da “Bərabər İnkişaf Naminə” devizi ilə 9 qeyri-hökumət təşkilatının birləşərək təsis etdiyi Koalisiya tərəfindən 500-dək müxtəlif sahələri təmsil edən – ictimai xadimlər, elm və təhsil sahəsində çalışan, eləcə də qeyri-hökumət təşkilatları və özəl sektorun nümayəndələri olan qadınların iştirakı ilə Azərbaycan Qadınlarının Forumu keçirilib.
Koalisiyanın rəhbəri Gender və İqtisadiyyat İB-nin sədri Təranə Kərimova, üzvləri “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin sədri Sevinc Alızadə, “Gender və İnsan Hüququ Araşdırmalar Birliyi”nin sədri Rəna Mirzəzadə, Gənc Demokratlar İnsitutunun sədri, politoloq Yeganə Hacıyeva, “Ekoloji Maarifçilik və Monitorinq” İB-nin sədri Qəmzə Yusubova, “Kamillik” Cəmiyyətinin sədri Əsmətxanım Məmmədova, “Azərbaycan Türkiyə Sosial Tərəqqiyə Yardım” İB-nin sədri Nigar Helmi, “Sağlamlığın qorunması” İB-nin sədri Yazgül Abdıyeva, “Vətəndaşların sosial rifahının gücləndirilməsinə dəstək” İB-nin təsisçisi Aygün Səmədovadır.
Forumda Koalisiyanı təmsil edən qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai xadimlər, həmçinin bolqar, avar, rus və talış etnik qruplarının nümayəndələri çıxış edərək bildiriblər ki, bu gün Azərbaycan xalqının müxtəlif təbəqələrinin nümayəndələri, ictimai-siyasi, sosial-mədəni həyatda yaxından iştirak edən qadınlar bugünki reallıqlar fonunda ölkəmizin inkişafı yolunda əllərindən gələni əsirgəmirlər.
Çıxış edənlər xalqımızın Ümummilli lideri Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın və onun layiqli davamçısı prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə hər bir sahədə əldə edilən uğurlara diqqət çəkiblər və həmçinin qısa müddət sonra ölkədə keçiriləcək prezident seçkilərində ölkəmizin davamlı inkişafı, xalqımızın firavanlığı naminə hüquqlarımızı daim müdafiə edən Yeni Azərbaycan Partiyasının yeganə namizədini dəstəklədiklərini ifadə ediblər.
Qeyd edilib ki, “Bərabər İnkişaf Naminə” devizi ilə 9 qeyri-hökumət təşkilatının birləşərək təsis etdiyi Koalisiya qadınlarımızı vahid məqsəd ətrafında bir araya gətirib. Koalisiyanın fəaliyyətinin ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında rolunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, onların daha nizamlı və mütəşəkkil fəaliyyətinə təkan verəcəyinə inam ifadə olunub.
Sonda “Bərabər İnkişaf Naminə” Azərbaycan Qadınlarının Forumunun Bəyannaməsi qəbul edilib.
Sənəddə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” prosesi çərçivəsində vətəndaş cəmiyyətinin iştirakının təmin edilməsi, qərarqəbuletmə və özəl sektorda, o cümlədən yerli ərazi və özünüidarəetmə orqanlarında gender bərabərliyinin təşviqində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi, qadınların iqtisadi fəallığının artırılması, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, innovativ inkişafı təmin edən yeni texnologiyalara əlçatanlığın artırılması, xüsusilə qızlar və qadınların bu prosesə daha geniş cəlb olunması kimi məsələlər öz əksini tapıb.
Eyni zamanda, “Bərabər İnkişaf Naminə” Forumda Azərbaycan qadınlarının təmsilçiləri seçki hüququ olan vətəndaşımızı, ölkəmizin bütün ərazisində keçiriləcək prezident seçkilərində fəal iştiraka, xüsusilə qadınları və gənc qızları bu taleyüklü siyasi prosesin önündə gedərək vətəndaş məsuliyyəti nümayiş etdirməyə çağırıblar.