BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Qardaşlaşmış Qarabağ Məktəbləri” qış düşərgəsinin növbəti günü başa çatıb!

25 dekabr 2023 17:19:27

"ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə təşkilatçılığı, DİN-in “XƏZRİ” İstirahət və Sağlamlıq Mərkəzinin tərəfdaşlığı ilə keçirilən Qazaxıstan Respublikasında yaşayan soydaşlarımızın övladları və Azərbaycanın qəhrəman şəhidlərinin övladlarının iştirak etdiyi III “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsinin növbəti günü yekunlaşıb.
 
Düşərgənin növbəti günündə düşərgə iştirakçıları ilk olaraq Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının peşəkar təlimçisi tərəfindən keçirilən kibertəhlükəsizlik təlimində iştirak ediblər. Təlim zamanı gənclər kiberhücumlardan qorunmaq üçün atılmalı olan addımlar barədə məlumat əldə ediblər.
 
Günün davamında düşərgə iştirakçıları "Sea Breeze" və "Amburan" istirahət mərkəzlərini ziyarət ediblər. Burada əyləncəli zaman keçirən gənclər kinoteatrda birlikdə film izləyiblər.
 
Günün sonunda isə düşərgə iştirakçılarının ölkəmizin tanınmış incəsənət xadimləri ilə görüşü baş tutub. Belə ki, Azərbaycan Respublikasının xalq artisti Miri Yusif və əməkdar artist Rafael İsgəndərov Qazaxıstan Respublikasında yaşayan soydaşlarımızın övladları və Azərbaycanın qəhrəman şəhidlərinin övladları ilə görüşərək onlarla səmimi vaxt keçiriblər. Görüş zamanı düşərgə iştirakçıları və qonaqlar birlikdə Vətən Müharibəsi şəhidi, mayor Sənan Zamanovun qızı Fidan Zamanovun doğum gününü qeyd ediblər.
 
Günə animatorların iştirakı ilə keçirilən musiqili şou-proqram ilə yekun vurulub.
 
Qeyd edək ki, 21-27 dekabr 2023-cü il tarixləri aralığında baş tutacaq düşərgədə Qazaxıstanda fəaliyyət göstərən “Həftəsonu Qarabağ məktəbi”nin şagirdləri ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası zamanı müxtəlif vaxtlarda şəhid olmuş igid qəhrəmanlarımızın övladları iştirak edirlər.