BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Qardaşlaşmış Qarabağ Məktəbləri” qış düşərgəsi davam etməkdədir!

23 dekabr 2023 09:34:53

"ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə təşkilatçılığı, DİN-in “XƏZRİ” İstirahət və Sağlamlıq Mərkəzinin tərəfdaşlığı ilə keçirilən Qazaxıstan Respublikasında yaşayan soydaşlarımızın övladları və Azərbaycanın qəhrəman şəhidlərinin övladlarının iştirak etdiyi III “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsi davam etməkdədir.
 
Düşərgənin növbəti günündə düşərgə iştirakçıları ilk olaraq İsveçrədən olan peşəkar təlimçi Qasım Nəsirovun “Komanda və kommunikasiya bacarıqları” təlimində iştirak ediblər. İnteraktiv şəkildə baş tutan bu təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Günün davamında Azərbaycana ilk dəfə səfər edən Qazaxıstan Respublikasında yaşayan soydaşlarımızın övladları və həmçinin Azərbaycanın qəhrəman şəhidlərinin övladları üçün Bakı şəhərinin tarixi və turistik məkanlarına ekskursiyalar təşkil olunub. Düşərgə iştirakçıları ilk öncə Şəhidlər Xiyabanını və Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini yad ediblər.
 
Daha sonra Heydər Əliyev Mərkəzində olan gənc düşərgə iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponat, fotoşəkil və kitablarla tanış olublar.
 
Günün sonunda isə düşərgə iştirakçıları İçərişəhərdə yerləşən Şirvanşahlar Sarayı Kompleksini ziyarət ediblər. Gəzinti zamanı peşəkar bələdçi düşərgə iştirakçılarını müşayiət edərək onlara saray kompleksi barədə ətraflı məlumat verib.
 
Qeyd edək ki, 21-27 dekabr 2023-cü il tarixləri aralığında baş tutacaq düşərgədə Qazaxıstanda fəaliyyət göstərən “Həftəsonu Qarabağ məktəbi”nin şagirdləri ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası zamanı müxtəlif vaxtlarda şəhid olmuş igid qəhrəmanlarımızın övladları iştirak edirlər.