BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsinin açılışı olub!

22 dekabr 2023 09:30:46

"ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə təşkilatçılığı, Daxili İşlər Nazirliyinin “XƏZRİ” İstirahət və Sağlamlıq Mərkəzinin tərəfdaşlığı ilə keçirilən III “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsinin açılışı baş tutub.
 
Qazaxıstan Respublikasında yaşayan soydaşlarımızın övladları və Azərbaycanın qəhrəman şəhidlərinin övladlarının iştirakı ilə baş tutan düşərgənin açılış mərasimində "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, millət vəkilləri Jalə Əhmədova, Ceyhun Məmmədov, Fatma Yıldırım, Qazaxıstan Respublikası Türkistan vilayəti “Qarabağ Azərbaycan etno-mədəniyyət mərkəzi”nin rəhbəri Ramilə Mustafayeva, həmçinin ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
 
Dövlət himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev çıxış edərək bütün iştirakçıları salamlayıb və tədbirin əhəmiyyəti, həmçinin şagirdlərin düşərgədəki fəal iştirakı barədə məlumat verib. Daha sonra çıxış edən "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alızadə nitqində layihənin gerçəkləşdirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib və bu kimi layihələrin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb. Tədbirin davamında millət vəkilləri Ceyhun Məmmədov, Fatma Yıldırım, Jalə Əhmədova, Qazaxıstan Respublikası Türkistan vilayəti “Qarabağ Azərbaycan etno-mədəniyyət mərkəzi”nin rəhbəri Ramilə Mustafayeva çıxış edərək düşərgə ilə bağlı xoş fikirlərini bölüşüblər.
 
Qeyd edək ki, 21-27 dekabr 2023-cü il tarixləri aralığında baş tutacaq düşərgədə Qazaxıstanda fəaliyyət göstərən “Həftəsonu Qarabağ məktəbi”nin şagirdləri ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası zamanı müxtəlif vaxtlarda şəhid olmuş igid qəhrəmanlarımızın övladları iştirak edəcək.