BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

2023-cü il ərzində "Zəfər" İB tərəfindən Türkiyədə bir sıra layihələr həyata keçirilib!

12 dekabr 2023 12:24:34

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 2023-cü il ərzində qardaş Türkiyə Respublikasında şəhid ailəsi üzvləri üçün bir sıra layihələr həyata keçirilib. Bu layihələrin əsas məqsədi şəhid övladlarının bilik və bacarıqlarının artırılması, Türkiyənin tarixi bölgələrinin şəhid ailələrinə tanıdılması və həmçinin xalqlarımız arasındakı əlaqələrin daha da genişləndirilməsindən ibarət olub.

 

2023-cü ilin yanvar ayında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində işgüzar səfərdə olub. Sevinc Alızadə səfər çərçivəsində Türkiyə Respublikası Prezidentinin baş məsləhətçisi,Türk Dünyası Parlamentariləri Vəqfinin sədr müavini, Hüquq Siyasəti Şurasının üzvü Ayşə Türkmenoğlu, Xaricdəki Türklər və Qohum İcmalar üzrə sədr müavini (YTB) Abdulhadi Turus və YTB sədr müavini Sait Yusufla görüşlər keçirib və birgə əməkdaşlıq çərçivəsində gələcəkdə görülə biləcək işlər barədə müzakirələr aparıb.

 

27-31 yanvar tarixlərində "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, "Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi" (TİKA) və "Türkiye Teknoloji Takımı Vakfı"nın (T3 Vəqfi) birgə təşkilatçılığı ilə 2022-ci ildə Azərbaycanda keçirilən “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında mübarizə aparan şəhid övladlarından ibarət 3 komandanın iştirakı ilə Türkiyə Respublikasının İstanbul şəhərində “Qış düşərgəsi” təşkil olunub. Düşərgə ərzində şəhid övladları astronomiya, aviasiya, texnologiya, təbiət elmləri və riyaziyyat üzrə seminarlarda, həmçinin İstanbul və İzmit şəhərlərinin tarixi-turistik guşələrinə, "Gebze Bilişim Vadisi"nə və "BAYKAR" şirkətinə təşkil olunmuş ekskursiyalarda iştirak ediblər.

 

20-31 iyul tarixlərində "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türkiyənin "Yeditepe" Universitetinin təşkilatçığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə ölkəmizin ali təhsil müəssisələrində təhsil alan şəhid övladları üçün Türkiyənin İstanbul şəhərində yerləşən "Yeditepe" Universitetində yay düşərgəsi təşkil olunub. Düşərgə ərzində seçdikləri ixtisaslara uyğun müxtəlif təlimlərə qatılan tələbə şəhid övladları dünən Türkiyənin məşhur "DasDas" və Ehtiyac xəritəsi" sosial layihələri ilə tanış olublar və "DasDas" layihəsinin rəqəmsal muzeyini ziyarət ediblər.

 

21-24 noyabr tarixlərində isə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Hava Yolları QSC və "Delil Travel" səyahət agentliyinin tərəfdaşlığı ilə 20 şəhid ailəsi üzvünün qardaş Türkiyə Respublikasının Nevşehir bölgəsinə səfəri təşkil olunub. Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 100-cü ildönümündə və həmçinin Türkiyə Respublikasının quruluşunun 100-cü ilində qardaş Türkiyənin tarixi bölgələrini şəhid övladlarına tanıtmaq və xalqlarımız arasındakı əlaqələri daha da genişləndirmək üçün təşkil olunan bu səfər çərçivəsində şəhid ailələri Nevşehir şəhərinin valisi Ali Fidan, Nevşehir Bölgə Mədəniyyət və Turizm müdiri Arda Heb və Türkiyənin şəhid ailələri dərnəkləri nümayəndələri ilə görüşlərdə iştirak ediblər. Həmçinin səfər zamanı şəhid ailəsi üzvləri bölgənin tarixi-turistik guşələrini də ziyarət edərək onlar barədə məlumat əldə ediblər.