BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Bu il ərzində 450-yə yaxın şəhid ailəsi üzvlərinin Şuşaya səfəri təşkil olunub!

04 dekabr 2023 10:55:50

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 2023-cü il ərzində Azərbaycanın müxtəlif bölgələrində yaşayan 450-yə yaxın şəhid ailəsi üzvlərinin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfərləri təşkil olunub.

 

Bu səfərlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə həyata keçirilib.

 

Şuşanın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edən və orada şəhidlik zirvəsinə ucalan hərbçilərimizin valideynlərinin də iştirak etdiyi bu səfərlər çərçivəsində şəhid ailələri Azərbaycanın mədəniyyət paytaxtının zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan bərpa və quruculuq işləri ilə tanış olublar. Səfərlər zamanı şəhid ailələrinin üzvləri Şuşa qalasını, Cıdır düzünü, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstlərini, Bülbülün ev muzeyini və şəhərin digər tarixi-mədəni abidələrini ziyarət ediblər.

 

Səfərlər zamanı şəhidlərin yaxınları qəhrəman övladlarımızın keçdiyi şərəfli yoldan, onların şücaətlərindən bəhs ediblər.