BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Lənkəran şəhərində Vətən müharibəsi şəhidlərinin övladları üçün tədbir keçirilib.

02 dekabr 2023 10:31:38

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının birgə təşkilatçılığı ilə Lənkəran şəhərində Vətən müharibəsi şəhidlərinin övladları üçün tədbir keçirilib.
 
Tədbirdə çıxış edən "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edib və onların Vətənə yadigar olan övladları üçün təşkil olunan bu cür tədbirlərin gələcəkdə də davam edəcəyini vurğulayıb.
 
Tədbir çərçivəsində Lənkəran, Masallı, Lerik və Astarada yaşayan şəhid ailələri ilə görüş zamanı Ombudsman Səbinə Əliyeva şəhid ailələrinin problemlərinin həll edilməsinə, onların hüquqlarının müdafiəsinə hər zaman diqqətlə yanaşıldığını bildirib.
 
Ombudsman ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımızın heç vaxt unudulmayacağını, onların xatirəsinin əziz olduğunu qeyd edib.
 
Tədbir çərçivəsində, həmçinin uşaqlar üçün mədəni proqram təşkil edilib.