BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib!

30 noyabr 2023 11:02:07

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan İlahiyyat İnstitutunda Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid baş giziri Camal İsmayılovun xatirəsinə həsr olunmuş "Əbədi qəhrəmanlar" adlı anım tədbiri keçirilib.

 

Tədbirdə Azərbaycan İlahiyyat Universitetinin rektoru Aqil Şirinov, millət vəkilləri Sabir Rüstəmxanlı və Aqil Abbas, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov, mədəniyyət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları, həmçinin KİV nümayəndələri iştirak ediblər.

 

Dövlət himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə qəhrəman şəhidimizin həyatı və döyüş yolundan bəhs edən video-çarx nümayiş olunub.

 

İlk olaraq çıxış edən Azərbaycan İlahiyyat İnstitunun rektoru Aqil Şirinov bütün qonaqları salamlayıb və ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edib. Daha sonra çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə qəhrəman şəhidimiz Camal İsmayılovun həyat yolunun gənc nəsil üçün vətənpərvərlik nümunəsi olduğunu qeyd edib. Millət vəkili Sabir Rüstəmxanlı 44 günlük Vətən müharibəsi sonunda əldə edilən şanlı qələbənin əhəmiyyətini vurğulayaraq bu qələbənin Camal İsmayılov kimi qəhrəman şəhidlərimizin qanı, canı hesabına əldə edildiyini bildirib. Millət vəkili Aqil Abbas isə çıxışında bu cür tədbirlərin təşkilinin qəhrəmanlarımızın tanıdılması və onların xatirələrinin əbədiləşməsi baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

 

Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Camal İsmayılovun timsalında bütün qəhrəman şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacaqlarını bildirib. “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov qəhrəman şəhidlərimizin qanları bahasına əldə etdiyimiz bu qələbənin Azərbaycan xalqının tarixində dönüş nöqtəsi və yeni bir mərhələnin başlanğıcı olduğunu vurğulayıb. Vətən Müharibəsi iştirakçısı, XTQ-nin ehtiyatda olan hərbi qulluqçusu Mahir Məmmədov isə Camal İsmayılovla birgə olan xatirələrindən və onun Vətən müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb.

 

Tədbirdə söz alan XTQ-nin şəhid baş leytenantı Həmid Abbasbəylinin anası Gülnarə Məmmədova şəhidlərimizin qanlarıyla yazdığı bu qəhrəmanlıq salnaməsinin Azərbaycan xalqının yaddaşında əbədi qalacağını bildirib. Sonda çıxış edən şəhid XTQ baş giziri Camal İsmayılovun anası Filarə İsmayılova isə Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin xalqımızın qürur mənbəyi olduğunu qeyd edib.

 

Tədbir tanınmış xanəndə Tural Salmanovun vətənpərvərlik ruhundakı ifaları ilə yekunlaşıb.