BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid ailələri Nevşehir bölgəsini ziyarət ediblər!

23 noyabr 2023 09:38:28

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Hava Yolları QSC və "Delil Travel" səyahət agentliyinin tərəfdaşlığı ilə 21-24 noyabr tarixlərində 20 şəhid ailəsi üzvünün qardaş Türkiyə Respublikasının Nevşehir bölgəsinə səfəri təşkil olunub.

 

Səfərin əsas məqsədi Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 100-cü ildönümündə və həmçinin Türkiyə Respublikasının quruluşunun 100-cü ilində qardaş Türkiyənin tarixi bölgələrini şəhid övladlarına tanıtmaq və xalqlarımız arasındakı əlaqələri daha da genişləndirməkdən ibarətdir.

 

Səfər çərçivəsində şəhid ailələri Nevşehir şəhərinin valisi Ali Fidan bəylə görüşüblər. Səmimi mühitdə keçən görüş zamanı Ali Fidan Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edib və onların ailə üzvlərinə cansağlığı, övladlarına bol-bol uğurlar arzulayıb. Daha sonra Nevşehir Bölgə Mədəniyyət və Turizm müdiri Arda Heb şəhid ailələrini qəbul edərək onlara bölgənin tarixi və mədəniyyəti haqqında dəyərli məlumatlar verib. Həmçinin səfər zamanı şəhid ailələri Türkiyənin şəhid ailələri dərnəkləri ilə də görüşlərdə iştirak ediblər. Bu görüşlər zamanı hər iki ölkənin şəhid ailələrinə dəstək göstərən təşkilatları arasında olan əlaqələrin və əməkdaşlığın daha da möhkəmlənməsinin əhəmiyyəti vurğulanıb.

 

Nevşehirdə səfərdə olan şəhid ailə üzvləri bölgənin tarixi və turistik guşələrini də ziyarət etmək şansı əldə ediblər. Onlar Kapadokyada Göreme Açıq Hava Muzeyini, Nevşehir Qalasını, Derinkuyu yeraltı şəhərini və s. digər tarixi və turistik məkanları ziyarət edərək onlar barədə məlumat əldə ediblər.