Bakı Dövlət Universitetində “Əbədi qəhrəmanlar” adlı tədbir keçirilib!
01 noyabr 2023 09:40:24
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə “Əbədi qəhrəmanlar” adlı tədbir keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, hər bir ali məktəbin əsas missiyası yalnız yüksəkixtisaslı, peşəkar kadrlar yetişdirmək deyil, həm də ölkəmiz üçün milli ruhlu əsl vətəndaşlar yetişdirməkdir. Qəhrəman şəhidlərimiz bizim üçün bunun örnəyini yaradıblar. Onlar Vətəni sevməyin, onun üçün göz qırpmadan vuruşmağın, şəhid olmağın, qalib dövlət və xalqa necə çevrilməyin örnəyini yaradıblar: “Əgər Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etmişdisə, onun siyasi, iqtisadi, hərbi təməllərini yaratmışdısa, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz ölkəmizin ərazi bütövlüyünü bərqərar etdi, tarixi ədaləti bərpa edərək xalqımızın başını ucaltdı, Azərbaycanın üçrəngli bayrağını ən yüksək zirvələrdə dalğalandırdı. Üç il bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz 30 illik işğala son qoymuşdusa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etdi. Bu il sentyabrın 19-da isə cəmi 24 saat belə davam etməyən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, suverenliyimiz tam təmin olundu. Azərbaycanın qəhrəman oğulları bu tarixi qanları ilə yazdılar!”.
Rektor həmçinin qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı, hər zaman məzunu olması ilə fəxr etdiyi Bakı Dövlət Universitetinin professor-müəllim heyəti, tələbələri və məzunları da hər bir azərbaycanlı kimi, 44 günlük Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə fədakarlıq göstərib. Universitetin çoxsaylı tələbə və məzunu könüllü olaraq cəbhəyə yollanıb, onlardan 22 nəfər şəhidlik zirvəsinə ucalıb. Hazırda BDU-da 10-dan artıq şəhid ailə üzvü təhsil alır. BDU-da təhsil alan tələbələrdən 43-ü Vətən müharibəsi iştirakçısıdır.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant, “Murov qartalı” Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə qeyd edib ki, torpaqlarımız işğalda olduğu 30 il ərzində Azərbaycan xalqı heç vaxt bununla barışmayıb: “2016-cı ilin Aprel döyüşlərində biz artıq işğala “dur” deməyin işartılarını gördük. 2020-ci ilin Tovuz döyüşlərində isə 12 şəhid verməyimizlə bütün xalq oyandı. 44 günlük Vətən müharibəsi ilə Azərbaycan xalqı tarix yazdı. Bu şanlı tarixin son səhifəsi isə bu ilin sentyabrında antiterror əməliyyatı ilə yazıldı. Beləliklə də, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Ordumuz, şəhidlərimiz sizlərə bütöv Azərbaycan əmanət etdi. Bu Qələbəni gələcək nəsillərə ötürmək, qorumaq, şəhid əmanətlərinə sahib çıxmaq gənclərin əsas vəzifəsidir”.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun xanımı Ofeliya Salmanova isə vurğulayıb ki, son 30 il ərzində Azərbaycan təhsilinin ən böyük uğurlarından biri vətənpərvər nəsil yetişdirmək olub. Bunun nəticəsində Poladlar, Raquflar, Mübarizlər yetişib. Onlar öz vətəndaşlıq borclarını ləyaqətlə yerinə yetiriblər. Ofeliya Salmanova gəncləri Vətən uğrunda vuruşan, şəhid olan qəhrəmanlardan öyrənməyə, onların ənənələrini yaşatmağa çağırıb.
BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, müharibə veteranı Knyaz Aslan, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin xanımı Vüsalə Əliyeva, Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Soltan Məmmədovun yoldaşı Tünzalə Məmmədova, BDU-nun şəhid məzunları Cavid Manafovun anası Natavan Manafova, Vüqar Məmmədovun anası Əsmər Məmmədova çıxışlarında şəhidlərimizin döyüş yolundan bəhs edib, onların əziz xatirələrinin daim xalqımızın qəlbində yaşayacağını bildiriblər.
Tədbirin sonunda Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin xatirəsinə həsr olunmuş “Vətən Qəhrəmanı” adlı klipin nümayişi keçirilib.