BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Goranboyda yaşayan şəhid ailələrinin Şuşaya səfəri təşkil olunub!

28 oktyabr 2023 13:30:01

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Goranboyda yaşayan şəhid ailələrinin Şuşaya səfəri təşkil olunub. Səfərdə 80-ə yaxın şəhid ailəsi üzvü iştirak edib. Şuşanın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edən və orada şəhidlik zirvəsinə ucalan hərbçilərin valideynləri də iştirakçılar arasında olub.
 
Səfər çərçivəsində iştirakçılar Azərbaycanın mədəniyyət paytaxtının zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan bərpa və quruculuq işləri ilə tanış olublar. Şəhid ailələrinin üzvləri Cıdır düzünə gedib, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Bülbülün ev muzeyini ziyarət ediblər, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstləri ilə tanış olublar. Gəzinti Şuşanın tarixi-mədəni abidələri və Şuşa qalasında davam edib.
 
Səfər müddətində şəhidlərin yaxınları qəhrəman övladlarımızın keçdiyi şərəfli yoldan, onların şücaətlərindən bəhs ediblər.