BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid polkovnik-leytenant Ramiz Qasımovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib!

20 oktyabr 2023 13:27:51

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Bakı şəhərində yerləşən Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Ramiz Qasımovun xatirəsinə həsr olunmuş "Qəhrəmanlar unudulmur" adlı anım tədbiri keçirilib.

 

Tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Soltan Məmmədov, mədəniyyət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları, həmçinin KİV nümayəndələri iştirak ediblər.

 

Dövlət himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə qəhrəman şəhid pilotumuzun həyatı və döyüş yolundan bəhs edən qısa film nümayiş olunub. Həmçinin tədbir zamanı yazıçı Sabir Arazlı Özgünün müəllifi olduğu şəhid polkovnik-leytenant Ramiz Qasımovun həyatına həsr edilmiş "Dəmir Qanadlı Qəhrəman" kitabının təqdimatı keçirilib.

 

Tədbir Azərbaycan Respublikasının əməkdar artisti Sevinc Sarıyevanın vətənpərvərlik ruhundakı ifaları ilə yekunlaşıb.