“Vətən Qəhrəmanı” təqdim olundu !
27 oktyabr 2023 13:24:07
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin əziz xatirəsinə ithaf olunmuş "Vətən Qəhrəmanı" adlı mahnı və klipin təqdimat mərasimi keçirilib.
Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, millət vəkilləri Ceyhun Məmmədov, Aqil Məmmədov və Sahib Alıyev, mədəniyyət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları, həmçinin KİV nümayəndələri iştirak ediblər.
Dövlət himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə giriş nitqində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad olunan torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edib. Daha sonra çıxış edən millət vəkili Ceyhun Məmmədov bu cür tədbirlərin təşkilinin qəhrəmanlarımızın tanıdılması və onların xatirələrinin əbədiləşməsi baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib. Millət vəkili Aqil Məmmədov xalqımızın tarixi zəfərinin ildönümünü böyük qürurla qeyd etdiyini bildirərək qələbədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən sürətli quruculuq və bərpa işlərindən, həmçinin gənc nəslin üzərinə düşən vəzifələrdən danışıb. Millət vəkili Sahib Alıyev isə çıxışında Anar Əliyevin şərəfli həyat yolundan, vətənpərvərliyindən danışıb və onun timsalında vətən uğrunda canını fəda edən bütün oğullarımızın etdiyi fədakarlığın xalqımız üçün qiymətli olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Vətən yolunda canından keçən qəhrəman əsgər və zabitlərimizlə qürur duyduğunu, onların həyat yolunun gənc nəsil üçün vətənpərvərlik nümunəsi olduğunu bildirib. Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Teymur Eyyubov isə çıxışında qəhrəmanımızın şərəfli həyat yolundan, vətənpərvər zabit kimi Vətənə qüsursuz xidmətindən, şücaət və igidliyindən bəhs edib.
Mahnının yaradıcısı, bəstəkar-pianoçu, Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova vətənpərvərlik ruhunda yazılmış çoxsaylı mahnıların - “ Yenilməzsən Azərbaycan”, “Şəhidlik zirvəsində”, “Murov qartalı”, “Şuşam mənim”, “Qəhrəman övladıyıq” və başqa əsərlərin müəllifidir. Yeni təqdim olunmuş “Vətən qəhrəmanı” mahnısı isə öz parlaq ritm-intonasiyaları ilə milli ruhun bədii tərzdə əksinin gözəl nümunələrindəndir. Qəhrəmanın parlaq, mərd, şücaət dolu obrazı mahnının yüksək ruh aşılayan melodiyası ilə yaddaşlarda iz buraxır. Sözlərinin müəllifi Xalq şairi Vahid Əziz poeziyası əsərə xüsusi bir özünəməxsusluq bəxş edir.
Mahnıda Azərbaycan qəhrəmanlarının vahid obrazı canlanıb. Xalq artisti Samir Cəfərovun möhtəşəm tembri mahnıya əsl qəhrəmanlıq ruhu bəxş edib. Klipin rejissoru Orxan Ali maraqlı fiım süjeti ilə klipi zənginləşdirib və ona orijinallıq bəxş edib. Əsas obrazı isə aktyor Ruslan Sabirli canlandırıb.
Tədbirə “Vətən Qəhrəmanı” klipinin nümayişi ilə yekun vurulub.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı olan Anar Əliyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı briqada komandiri kimi Füzuli, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib və oktyabrın 21-də Xocavəndin Tuğ kəndi istiqamətindəki döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Anar Əliyev göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən Müharibəsi Qəhrəmanı” medalları ilə təltif edilib.