BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Beyləqan rayonunda şəhidlərin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib!

19 sentyabr 2023 09:55:57

Sentyabrın 18-də Beyləqan rayonunda “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsinin başlanılmasının üçüncü ildönümü ilə əlaqədar əziz şəhidlərin xatirəsinə həsr edilmiş “Şəhidlərimizi anırıq” adlı anım tədbiri keçirilib.
 
Tədbirdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Beyləqan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirin açılış hissəsində qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Mərasimdə açılış nitqi ilə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin Müharibə veteranları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev 44 günlük Vətən Müharibəsində əldə edilmiş böyük qələbənin əhəmiyyətindən danışıb.
 
Daha sonra çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin xalqımız qarşısında misilsiz xidmət göstərdiyini, onların xatirəsinin əbədi olaraq hər bir vətəndaşımızın qəlbində yaşayacağını diqqətə çatdırıb.
 
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxış edərək hər bir şəhidin qəhrəmanlıq nümunəsi olduğunu və şəhid ailələrinin Vətənimizdə əmanət dəyəri daşıdığını bildirib.
 
Tədbirdə çıxış edən şəhid Xəyal Əliyevin atası Saleh Əliyev və şəhid İlyas Əliyevin həyat yoldaşı Aytəkin Əliyeva şəhidlərin xatirəsinə olan hörmət və ehtirama, eləcə də şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib.
 
Mərasimin sonunda şəhidlərin ruhuna ithafən Qurani-Kərim tilavət edilib, dualar oxunub və ehsan süfrəsi açılıb.