BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Tərtərdə yaşayan şəhid ailələrinin üzvləri Şuşaya səfər ediblər!

30 avqust 2023 10:18:12

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Tərtərdə yaşayan şəhid ailələrinin Şuşaya səfəri reallaşdırılıb. Səfərdə 80-ə yaxın şəhid ailəsi üzvü iştirak edib. Şuşanın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edən və orada şəhidlik zirvəsinə ucalan hərbçilərin valideynləri də iştirakçılar arasında olub.

 

Səfər çərçivəsində onlar Azərbaycanın mədəniyyət paytaxtının zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan bərpa və quruculuq işləri ilə tanış olublar. Şəhid ailələrinin üzvləri Cıdır düzünə gedib, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstlərini, Bülbülün ev muzeyini ziyarət ediblər. Gəzinti Şuşanın tarixi-mədəni abidələri və Şuşa qalasında davam edib.

 

Səfər müddətində şəhidlərin yaxınları qəhrəman övladlarımızın keçdiyi şərəfli yoldan, onların şücaətlərindən bəhs ediblər.

 

Qeyd edək ki, bu ilin iyun-avqust ayları ərzində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə bölgələrdə yaşayan 300-dək şəhid ailəsi üzvlərinin Şuşa şəhərinə səfəri baş tutub.