BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Əmanətə Sədaqət” yay düşərgəsi başa çatıb!

27 avqust 2023 09:59:03

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Azərlotereya ASC-nin dəstəyi ilə Quba rayonunda tələbə şəhid övladları üçün baş tutan düşərgənin son günündə düşərgə iştirakçıları ilk öncə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin Sədri Elvin Balacanov tərəfindən keçirilən kibertəhlükəsizlik təlimində iştirak ediblər. İnteraktiv şəraitdə keçirilən təlim zamanı Elvin Balacanov gənc tələbələrin suallarını cavablandırıb və onlara kiberhücumlardan qorunmaq üçün atılmalı olan addımlar barədə məlumat verib.
 
Daha sonra tələbə şəhid övladlarının Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin tabeliyində fəaliyyət göstərən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Nərgiz İsmayılova ilə görüşü baş tutub. Yeni tələbə adını qazanmış gəncləri təbrik edən Nərgiz xanım gənc tələbələri akademik fəaliyyətləri ilə bağlı maraqlandıran çoxsaylı sualları ətraflı cavablandırıb və bütün iştirakçılara gələcək təhsil həyatlarında uğurlar arzulayıb.
 
Günün ikinci yarısında isə "Əmanətə Sədaqət" yay düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib. Mərasimdə iştirak edən Azərlotereya ASC-nin İdarə Heyətinin üzvü Salih Tüfekçi və İdarə Heyətinin sədri Osman Karakuş çıxış edərək bütün iştirakçıları düşərgəni uğurla başa çatdırdıqları üçün təbrik ediblər və onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Mərasimin sonunda bütün düşərgə iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim olunub. Rəsmi bağlanış mərasimindən sonra isə Azərlotereya ASC-nin kollektivindən ibarət komanda ilə şəhid övladlarından ibarət "Zəfər" komandasının voleybol oyunu baş tutub.
 
Düşərgənin son gününə musiqili konsert proqramı ilə yekun vurulub.