BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Əmanətə Sədaqət” yay düşərgəsi davam etməkdədir!

24 avqust 2023 09:52:51

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Azərlotereya ASC-nin dəstəyi ilə Quba rayonunda tələbə şəhid övladları üçün baş tutan düşərgənin növbəti günündə ilk olaraq gənc tələbələr üçün peşəkar təlimçi Fərid Seyfullayev tərəfindən "Kimsən sən? - Şəxsiyyət tipini müəyyən et" və "Motivasiya-komediya saatı" təlimləri keçirilib. İnteraktiv şəkildə baş tutan bu təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
 
Günün davamında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnsan Resursları Departamentinin mütəxəssisi Fidan Məmmədli tərəfindən düşərgə iştirakçıları üçün "Sürətlə dəyişən iş mühiti və yeni bacarıqlar" başlıqlı növbəti təlim təşkil olunub. Təlim zamanı Fidan xanım gənc tələbələrə karyera imkanları və iş mühitində qarşılaşa biləcəkləri situasiyalar barədə məlumatlar verib və əlaqədar mövzularda fikir mübadiləsi aparılıb.
 
Günün ikinci yarısında millət vəkilləri Ceyhun Məmmədov və Fatma Yıldırımın düşərgə iştirakçıları ilə görüşü baş tutub. Gənc tələbə şəhid övladlarını maraqlandıran müxtəlif mövzularda ətraflı müzakirələrin aparıldığı görüşdə millət vəkilləri gənclərin çoxsaylı suallarını cavablandırıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
 
Günün sonunda isə düşərgə iştirakçıları üçün "Breyn-Rinq" intellektual oyunu keçirilib. Maraqlı mübarizə şəraitində keçən oyunun sonunda qalib komanda üzvləri mükafatlandırılıb.
 
Günə musiqili şou-proqram ilə yekun vurulub.